Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa−Qafqaz−Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib.
Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyasının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Anlaşma Memorandumu” imzalanıb.
(Orta Dəhliz)
Transxəzər Şərq−Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi (bundan sonra − Orta Dəhliz) Çin Xalq Respublikasını Mərkəzi Asiya, Qafqaz, Türkiyə vasitəsilə Avropa İttifaqı ilə birləşdirən və Şimal marşrutuna (Çin−Qazaxıstan−Rusiya−Belarus−Avropa), eləcə də Süveyş Kanalı vasitəsilə dəniz yoluna alternativ olan multimodal nəqliyyat dəhlizidir. Orta Dəhliz əsas etibarilə dəmir yolundan (4256 km) və dənizdən keçən hissədən (508 km) ibarətdir və Çin−Qazaxıstan sərhədindən başlayaraq, Qazaxıstandan keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycan və Gürcüstanadək davam edir. Gürcüstandan isə bu dəhliz iki istiqamətdə − Türkiyə vasitəsilə Avropaya, Qara dəniz vasitəsilə isə Ukrayna, Rumıniya və Bolqarıstana uzanır.
Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ölkə ərazisindən keçən Orta Dəhlizin rəqabət qabiliyyətliliyinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirmişdir. 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsi olan Bakı−Tbilisi−Qars dəmir yolunun tikintisinə dair Saziş imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars−Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə ərazisindən keçir.
2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı−Tbilisi−Qars dəmir yolu Orta Dəhlizin bir hissəsi kimi Şərqlə Qərb arasında nəqliyyat bağlantısını təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.
Bakı−Tbilisi−Qars dəmir yolu Çindən Avropaya yüklərin Orta Dəhliz ilə çatdırılması müddətinin dəniz daşımalarına nisbətən iki dəfədən çox azaldılmasına imkan yaradır. Regionda sabitliyə və təhlükəsizliyə xidmət edən Bakı−Tbilisi−Qars dəmir yolu xəttinin yükaşırma qabiliyyətinin artırılması xarici ticarət əlaqələrinin dərinləşməsi və iqtisadi inkişaf baxımından böyük imkanlar vəd edir.
Bu layihənin tarixi İpək Yolu üzərində həyata keçirilməsi onun region ölkələri üçün cəlbediciliyini artırır, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin − Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, ticarət əlaqələrinin inkişafında və qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşməsində mühüm əhəmiyyət daşıyır.
Bakı−Tbilisi−Qars layihəsinin əsas üstünlüklərindən biri də odur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur. Bu isə ölkələr arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Güclü infrastruktura malik olan Azərbaycan nəqliyyat şəbəkələrinin inkişafına böyük sərmayə qoyaraq bu strateji üstünlüyünü daha da möhkəmləndirməklə mühüm nəqliyyat qovşağına çevrilir. Azərbaycan tranzit və nəqliyyat-logistika imkanlarının davamlı inkişaf etdirilməsi məqsədilə 2018-ci ildə Qaradağ rayonunun Ələt qəsəbəsində ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişdiyi ərazidə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizi regionunda dəniz ticarətini asanlaşdıran və Azərbaycanın logistik imkanlarını artıran əsas yükdaşıma mərkəzinə çevrilib. O, ölkəmizin ərazisindən keçən Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaratmışdır.
2020-ci il mayın 22-də Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yaradılmış Ələt Azad İqtisadi Zonası Azərbaycanın Avropa−Asiya logistika zəncirlərində aparıcı rolunu gücləndirir. Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu əsasda milli iqtisadiyyatın dayanıqlı inkişafına və ölkədə məşğulluğun artmasına töhfə verməkdir. O, beynəlxalq yükdaşımalarda mühüm rol oynamaqla yanaşı, ölkənin regional ticarət qovşağına çevrilmək perspektivini dəstəkləyir və yerli istehsalın təşviqini, habelə “Made in Azerbaijan” brendinin dünyada tanınmasını təmin edir.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni nəqliyyat-kommunikasiya infrastrukturunun qurulması üçün həyata keçirilən iri layihələr həmin ərazilərin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirməsinə və burada Orta Dəhlizin inkişafına əlverişli şərait yaradır.
İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin tikintisi üçün infrastruktur yaradılır. Bu əsasda 2022-ci il martın 11-də “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
Sözügedən Anlaşma Memorandumu çərçivəsində 2023-cü il oktyabrın 6-da Zəngilanda avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
Orta Dəhlizin yeni bir qolu olan Bakı−Naxçıvan−Qars dəmir yolu etibarlı ticarət marşrutu kimi regional əməkdaşlığın dərinləşməsinə və həyat şəraitinin yüksəlməsinə xidmət edəcəkdir. 2023-cü il sentyabrın 25-də Azərbaycan Respublikası və Türkiyə Respublikası dövlət başçılarının iştirakı ilə keçirilən görüş zamanı Qars−Naxçıvan yeni dəmir yolu xəttinin tikintisinə dair Niyyət Protokolu imzalanmışdır. Tikilməsi planlaşdırılan dəmir yolu xəttinin uzunluğu 224 kilometr olacaq və Türkiyə tərəfi onu 5 il ərzində istifadəyə verməyi planlaşdırır. Sözügedən layihə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bağlantı, həm də yüklərin Avropaya daşınması istiqamətində tarixi əhəmiyyətli layihə olacaqdır.
Ölkəmiz Orta Dəhlizin təşviqi məqsədi ilə dəhliz boyu ölkələrlə sıx əməkdaşlıq həyata keçirir. Qeyd edək ki, 2022-ci il noyabrın 22-də Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan arasında “Orta Dəhliz”in inkişafı üzrə 2022−2027-ci illəri əhatə edən Yol Xəritəsi imzalanmışdır.
2023-cü il noyabrın 23-də təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Plan”ı ölkəmizin tranzit potensialından daha səmərəli istifadəyə imkanlar yaradır.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında imzalanıb və 2002-ci il mayın 21-dən qüvvəyə minib. Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə 2005-ci ildə qoşulub.
Adıçəkilən nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək. Azərbaycanın həm Rusiya, həm İranla quru sərhədinə malik olması üçtərəfli regional əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərir. Bununla Azərbaycan hər iki transkontinental dəhlizin kəsişməsində, Avrasiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevrilir.
Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm rolu olan nəqliyyat-logistika dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində infrastruktur əhəmiyyətli dərəcədə müasirləşdirilib. Bakı Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti artırılmış, Ələt−Astara avtomobil yolu yenidən qurulmuş, İran ilə Azərbaycan arasında yeni dəmir yolu körpüsü tikilmişdir ki, bu da ölkəmizin tranzit rolunun xeyli artmasına və onun beynəlxalq status qazanmasına səbəb olub.
Ölkəmiz “Şimal−Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılmasında fəal rol oynayır. “Şimal−Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinin uzunluğu 511 kilometrdir. Bu dəhlizin önəmli hissəsi olan Azərbaycan−Rusiya sərhədindən Azərbaycan−İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilmişdir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə 2022-ci il sentyabrın 9-da Bakıda üçtərəfli görüş keçirilmiş və yekunda Bakı Bəyannaməsi imzalanmışdır. Sənədə əsasən tərəflər (Azərbaycan, Rusiya və İran) Şimal və Cənub dəhlizi üzrə yükdaşımaların 15 milyon tona çatdırılması üçün müvafiq tədbirlər görəcəklər.
2023-cü il mayın 17-də Kazan Forumu çərçivəsində dəhlizin çatışmayan seqmenti olan Rəşt−Astara dəmir yolu xəttinin tikintisinin Rusiya tərəfindən maliyyələşdirilməsi ilə bağlı Rusiya Federasiyası və İran İslam Respublikası arasında kredit sazişi imzalanmışdır.
Gələcəkdə Şimal−Cənub və Bakı−Tbilisi−Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası nəzərdə tutulur. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır. Bələ ki, Osmanlı−Horadiz−Ağbənd− Naxçıvan−Qars dəmir yolunun xəttinin tikintisi ölkəmizin tranzit qovşaq kimi formalaşmasına və ölkə ərazisindən keçən hər iki nəqliyyat dəhlizinin birləşdirilməsinə imkan yaradacaqdır. Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Avropa ölkələri, Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları bu imkanlardan faydalanacaq.
***
Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafı, həm də ölkənin Avrasiyanın nəqliyyat qovşağına çevirilməsi istiqamətində müvafiq addımlar atılır. Ölkədə beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yolları birinci texniki dərəcə səviyyəsində yenidən qurulur. Eyni zamanda, dəmir yolunda daimi cərəyandan dəyişən cərəyana keçidin təmin edilməsi, infrastrukturun əsaslı şəkildə yenidən qurulması, hərəkət tərkibinin yenilənməsi, idarəetmə sistemlərinin təkmilləşdirilməsi işləri davam etdirilir.