İyunun 7-də Heydər Əliyev adına Hərbi Liseyin 24-cü buraxılışı münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə iştirak edib.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənovsəlahiyyətli nümayəndəyə mərasimə hazırlıq barədə raport verib.
Səlahiyyətli nümayəndə kursantları salamlayıb.
Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himnini ifa ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk illərdə tamamilə fərqli bir ölkə idi. Həmin dövrdə torpaqlarımızın 20 faizədək hissəsi erməni qəsbkarları tərəfindən işğal olunmuş, xalqımıza qarşı bir neçə dəfə soyqırımı həyata keçirilmişdi. Xocalı soyqırımının izləri bu gün də ürəyimizdə qalır və daim olaraq xalqımızın qan yaddaşında olacaq. Ölkə tamamilə iflic, iqtisadiyyatı dağılmış vəziyyətdə idi. Azərbaycanı bütün bu bəlalardan qurtarmağın vaxtı idi və bunun tək həlli yolunu, tək ümidi xalq məhz Heydər Əliyevə bağlamışdı. Məhz həmin dövrdə Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri kimi fəaliyyət göstərən Ulu Öndərimiz Heydər Əliyevə xalqın çağırışı oldu.
Səlahiyyətli nümayəndə qeyd edib ki, 1990-1993-cü illər Naxçıvan Muxtar Respublikasında da olduqca çətin günlər yaşanırdı. Muxtar respublika tamamilə izolyasiya olunmuş, onun bütün iqtisadiyyatı məhv edilmiş, ovaxtkı sovet ittifaqında bütün zəncirlər, nəqliyyat-infrastruktur yolları dağıdılmış və Naxçıvan Muxtar Respublikası, bütövlükdə, blokada vəziyyətinə salınmışdı. Dahi rəhbərin 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra qısa bir vaxtda cəbhədə atəşkəsə nail olunmuş və quruculuq işləri başlamışdır. Məhz həmin illərdə ilk dəfə Azərbaycan beynəlxalq tərəfdaşlar taparaq “Əsrin müqaviləsi”ni imzalamağa nail olmuşdur. Bütün bunlarla bərabər, həmin dövrdə ordu quruculuğu başlamışdır. Azərbaycan Ordusunun maddi-texniki bazası genişləndirilmiş, mükəmməlləşdirilmiş, eyni zamanda zabitlərin və əsgərlərin təlim hazırlıqları inkişaf etdirilməyə başlamışdır. İlham Əliyevin dövlət başçısı seçildikdən sonra fəaliyyəti də məhz bu yöndə idi. Müzəffər Ali Baş Komandanımız dəqiq hesablamışdı və bilirdi ki, lazım gələrsə, Azərbaycan Respublikasının çıxış yolu məhz hərbi yolla Qarabağın geri qaytarılması idi. Sevindirici haldır ki, bu gün Azərbaycan vahiddir və öz ərazisində suverenliyini tam təmin edib. Müdrik xalqımızın Heydər Əliyev siyasi kursuna sadiqliyi nəticəsində bütün bunlara nail olmuşuq.
Fuad Nəcəfli kursantlara müraciətində diqqətə çatdırıb ki, biz 2020-2023-cü illərdə Qarabağda aparılan hərbi əməliyyatlar zamanı şəhidlər vermişik. Onlar da sizin kimi yüksək və gələcəyə ümid dolu arzularla təhsil almış, xalqı üçün, dövlət üçün hər zaman sadiq olacağına and içmişdilər. Şuşada Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı Prezident cənab İlham Əliyev, Azərbaycan ordusunun əsgər və zabitləri tərəfindən qaldırılıb və daim orada dalğalanacaqdır. Bu bayraq Ulu Öndərimizin, şəhidlərimizin və Ali Baş Komandanımızın hər birimizə, gələcək nəsillərə əmanətidir. Bu, gələcəyin zabitlərinin də qarşısında duran ümdə borcdur. Səlahiyyətli nümayəndə kursantların bu borcun öhdəsindən layiqincə gələcəyinə əminliyini bildirib, təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Elşad Həsənov çıxışında bildirib ki, hərbi liseyin məzunları müxtəlif rütbə və vəzifələrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində igidliklə vuruşub, şanlı Qələbənin əldə olunmasına töhfələrini veriblər. Torpaqlarımızın işğaldan azad olunması uğrunda liseyin 96 məzunu şəhidlik zirvəsinə yüksəlib, 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Liseyin adlarını şanlı zəfər tariximizə əbədi həkk etdirmiş qəhrəman və şəhid məzunlarının şanlı döyüş yolu, şücaəti kursantlar üçün əsl qəhrəmanlıq, vətənpərvərlik nümunəsidir. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Liseyin müəllim və zabit heyəti haqlı olaraq öz yetirmələri ilə fəxr edir.
Polkovnik Elşad Həsənov göstərilən diqqət və qayğıya görə Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyəti adından dövlətimizə minnətdarlığını bildirib, kollektivin bundan sonra da yeni parlaq nəticələr qazanacağına hər kəsi əmin edib.
Heydər Əliyev adına Hərbi Liseyin məzunu Ülvi Əzizzadə 24-cü buraxılış məzunları adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, savadlı, bacarıqlı və vətənpərvər kursantlar kimi təhsil almalarında əməyi olan komandir və müəllimlərinə, eləcə də göstərdikləri dəstəyə görə valideynlərinə ehtiramlarını bildirib, məzun yoldaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş igid və qəhrəman şəhidlərimizi unutmayaraq liseydə aşılanan Vətən sevgisi, vəzifə məsuliyyəti, intizam, şərəf və dürüstlük anlayışı ilə hərbi institutda təhsillərini davam etdirəcək, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında “dəmir yumruq” kimi birləşəcək, üçrəngli bayrağımız naminə daim xidmətdə olacaqlar.
Sonra səlahiyyətli nümayəndə liseyin ingilis dili müəllimi Mətanət Eminovaya “Əməkdar müəllim” fəxri adının döş nişanını və əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Kursant Anar Allahverdiyev təhsil ocağının rəmzi kötüyünə 2024-cü ilin xatirə birkasını vurub.
Sonra Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Orkestrin müşayiətilə “Hərbi lisey marşı” ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib.