İqlim dəyişiklikləri və dövlət idarəçiliyində yeni çağırışlar mövzusunda səyyar təlim keçirilib

Ölkə başçısı cənab  İlham Əliyevin 5 iyun tarixli Sərəncamı  ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə dövlət qulluğunda bilik bacarıq və səriştənin inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı olaraq 14 iyun tarixində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində dövlət orqanlarında çalışan dövlət qulluqçularına səyyar təlim keçirilib. 


Təlimdən əvvəl Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşları ulu öndərin büstünü ziyarət etmiş, dərin ehtiramlarını bildirmişlər. 
Təlimdə giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin hüquq şöbəsinin müdiri Gülçin Dünyamalıyev çıxış edərək keçirilən təlimin mahiyyəti barədə məlumat vermişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Prezident İlham Əliyevin yeni idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirəsi dinlənilib. Qeyd olunub ki, mədəni irs bütün zamanlarda ətraf mühitin tərkib hissəsi olmaqla iqlim və münaqişələrin təsirinə məruz qalıb. XIX və XX əsrin sənayeləşməsi və böyük müharibələr bu prosesi daha da sürətləndirib. Bu gün isə bu çağırışlar, xüsusilə iqlim dəyişiklikləri qlobal xarakter alıb. İqlim dəyişiklikləri insan sağlamlığı, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir. Ölkəmiz tərəfindən əsasən öz maliyyə vəsaitləri hesabına ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. 


Rektor belə bir təlimin keçirilməsinin çox vacib olduğunu bildirib. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. 
Urxan Ələkbərov dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də daha geniş inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır.Bildirilib ki,  COP29-a ölkəmizin ev sahibliyi etməsi ilə bağlı qlobal həmrəylik artıq Azərbaycanın dünya səviyyəsində nüfuzunu göstərir və cənab Prezidentin apardığı əməli fəaliyyət neft ölkəsi kimi Azərbaycanın dünyanın karbon emissiyasının azaldılması gündəliyinə sadiqliyinə etimadın formalaşdığını ifadə edir. 
Səyyar təlimdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “İntellektual sistemlərin idarə edilməsi” kafedrasının müdiri, dosent Elvin Əzizbəyovun “Yaşıl Rəqəmsal dövlət idarəçiliyi:yeni çağırışlar və problemlər”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “İnzibati idarəetmə” fakültəsinin dekanı, dosent Elnur Əliyevin “Dövlət idarəçiliyində islahatlar: iqlim dəyişiklikləri prizmasında siyasi,hüquqi və institusional çərçivələr”, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayevin “İqlim dəyişiklərinin etik imperativləri” mövzularında mühazirələri dinlənilmişdir. 
 

14-06-2024 16-06-37