Sağlamlıq imkanları məhdud şəxsə xüsusi avtomobil hədiyyə edilib

İyulun 1-də Naxçıvan şəhərinin Əliabad qəsəbəsində yaşayan fiziki imkanları məhdud vətəndaş Xanım Hüseynovaya avtomobil hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli vətəndaşı evində ziyarət edib, avtomobili və onun sənədlərini təqdim edib.

Fuad Nəcəfli Xanım Hüseynovanı yeni avtomobillə təmin olunması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb. Dövlətimizin daim sosial qayğıya ehtiyacı olan vətəndaşların yanında olduğunu deyən səlahiyyətli nümayəndə bu kateqoriyadan olan şəxslərə xüsusi qayğı ilə yanaşıldığını, məşğulluq imkanlarının artırılması istiqamətində dəstək tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.

Xanım Hüseynova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib, bu günün onun həyatında unudulmaz bir hadisə kimi yadda qalacağını bildirib. O qeyd edib ki, bu cür dəstək tədbirləri onların həyat eşqini daha da yüksəldir və fiziki məhdudiyyətin məqsədə çatmaqda əngəl olmadığını düşünməyə əsas verir.

“Cahan Holdinq” Şirkətlər İttifaqının Avtomobil Zavodunda istehsal olunan avtomat sürətlər qutusuna malik “Lifan-650” markalı avtomobil əllə idarə olunan xüsusi sistemlə təchiz edilib.

Görüş zamanı Xanım Hüseynova səyyar xidmət sahəsi açaraq məşğulluq səviyyəsini yüksəltməyi qarşısına məqsəd qoyduğunu bildirib. Onun bununla bağlı müraciəti də qeydə alınıb, qısa zamanda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə səyyar kofe evi ilə təmin olunacağı bildirilib.

01-07-2024 18-07-31