yulun 12-də Naxçıvan şəhərində ölkənin səhiyyə sahəsində özünəməxsus yeri olan “Referans” Klinik Laboratoriya və Poliklinika Mərkəzinin filialı istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli mərkəzin fəaliyyəti ilə tanış olub.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov və “Referans Medical Group”un təsisçisi və baş direktoru Hansıyar Babayev məlumat veriblər ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində səhiyyənin inkişafı da diqqətdə saxlanılır. Sözügedən Dövlət Proqramında əhalinin keyfiyyətli tibb xidmətlərinə çıxışının yaxşılaşdırılması məqsədilə özəl tibb müəssisələrinin fəaliyyətə başlaması qarşıya məqsəd qoyulub. “Referans” Tibb Mərkəzi Naxçıvanda Dövlət Proqramının icrasına uyğun olaraq istifadəyə verilən ikinci özəl tibb müəssisəsidir.
Bildirilib ki, “Referans” 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Naxçıvan Tibb Mərkəzi “Referans”ın, ümumilikdə, 29-cu filialıdır. Ölkənin və regionun ən yaxşı tibb mərkəzləri şəbəkəsinə çevrilən “Referans”ın filiallarında beynəlxalq standartlara cavab verən səhiyyə xidmətləri göstərilir. “Referans” Naxçıvan Tibb Mərkəzi də ən müasir avadanlıqlarla təchiz edilib, pasiyentlərin rahatlığı üçün beynəlxalq standarlara cavab verən tibbi protokollara uyğun qurulub. Burada peşəkar həkim komandası tərəfindən regionda mövcud olmayan bir sıra tibbi xidmətlər, o cümlədən 7 mindən çox laborator müayinə, maqnit-rezonans tomoqrafiya, terapiya, kardiologiya, qastroenterologiya, endokrinologiya, nevropatologiya, dermatologiya, mama-ginekologiya və perdiatriya sahələri üzrə tibbi xidmətlər göstəriləcək.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli “Referans” Naxçıvan Tibb Mərkəzinin açılışı münasibətilə kollektivi təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.