Ümummilli lider Heydər Əliyev Kamil Əliyev sənətinə yüksək qiymət verərək deyib: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilib.
Oktyabrın 22-də - görkəmli sənətkarın anadan olduğu gündə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin doğum günündə onun adı verilən Naxçıvan Dövlət Xalça Muzeyində təqdimat keçirildiyini bildirib, muzeyin bu şərəfli adı layiqincə qoruyacağına əminliyini ifadə edib, muzeyə Kamil Əliyevin adının verilməsi münasibətilə tədbir iştirakçılarını, ictimaiyyəti və kollektivi təbrik edib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Xalq rəssamı Kamil Əliyevin adının Naxçıvan Dövlət Xalça Muzeyinə verilməsi, muzeyin yenidən bərpası və ekspozisiyasının zənginləşdirilməsi istiqamətində görülən işlərə görə mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Xalq rəssamı Kamil Əliyevin qızı, xalçaçı-rəssam Nərminə Əliyeva atasının adının Naxçıvan Dövlət Xalça Muzeyinə verilməsindən qürur hissi keçirdiyini bildirib, onun adının və sənətinin yaşadılması, əziz tutulmasına görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları muzeydə Xalq rəssamı Kamil Əliyevlə bağlı yaradılan guşəyə baxıb, ekspozisiya ilə tanış olublar.
Bildirilib ki, guşədə rəssamın ailəsi tərəfindən hədiyyə olunan ornamental xalçalar, xalça çeşniləri və kənarəsi, eləcə də rəssamın həyat və fəaliyyətini əks etdirən rəsmi sənədlər, xalça fotosurətləri, kitab, jurnal, qəzet və sənədli filmlər nümayiş olunur. Burada Kamil Əliyevin eskizi əsasında toxunan “Heydər Əliyev” portret-xalçalarının fotoları yer alır. Rəssamın müəllifi olduğu “Ornamental xalça” yun və pambıqdan istifadə olunaraq 1997-ci ildə, “Göllü buta” adlı xovlu xalça isə 1989-cu ildə toxunub. Xalçanın haşiyə və ara hissəsində alovu simvolizə edən çoxlu sayda buta ornamentləri öz əksini tapıb. “Fındığan” adlı çeşni əsasında 1997-ci ildə toxunmuş xalçanın üzərində müxtəlif formalı milli ornamentlər təsvir edilib.
Muzey ekspozisiyasında xalçalarla yanaşı, dulusçuluq məmulatları, mis məişət əşyaları, milli geyim nümunələri, toxuculuq alətləri, rəsm əsərləri və məişət əşyalarından ibarət 400-dən artıq eksponat nümayiş olunur.
Muzeydə xalça toxuculuğunun əyani şəkildə nümayiş etdirilməsi muzeyə gələnlərin böyük marağına səbəb olur. Hazırda Kamil Əliyevin çeşniləri əsasında yeni xalçalar toxunur.