İyulun 24-də Babək şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, muxtar respublikanın hökumət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yeni rəhbər təyin olunmasına görə təbriklərini çatdırıb, muxtar respublikada istifadəyə verilən daha bir Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin əhali, o cümlədən sahibkarlar üçün bu sahədə xidmətləri daha əlçatan edəcəyinə, şəffaflığın təmin olunmasında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
Muxtar respublikada iqtisadi sahədə baş verən yeniliklər və perspektivlər barədə danışan Fuad Nəcəfli qeyd edib ki, əlverişli biznes mühitinin formalaşaması Naxçıvanın gələcək inkişafı üçün davamlı addımların atılmasına geniş imkanlar yaradır. Bu mənada, hər kəs öz vəzifələrini layiqincə yerinə yetirməli, aktiv fəaliyyət göstərməlidir. Diyarımızın inkişafı üçün atılan hər bir addım, hər şeydən öncə, vətənpərvərlik nümunəsidir.
Səlahiyyətli nümayəndə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icra vəziyyəti barədə də məlumat verib və bildirib ki, 11 prioritet istiqamət üzrə böyük layihələr yerinə yetirilir. Bu məqsədlə təkcə ötən il 50 milyon manat vəsait ayrılıb. Muxtar respublikada logistik, enerji, aqrar və turizm sektorları üzrə ölkə əhəmiyyətli böyük layihələr reallaşdırılır. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da “yaşıl enerji zonası” elan edib. Artıq “yaşıl enerji” sahəsində layihələndirmə işlərinə başlanılıb. Bu məqsədlə 8 min hektar ərazi ayrılıb. Onun 3 min hektarında külək, 5 min hektarında Günəş Elektrik stansiyaları tikilib istifadəyə veriləcək.
Fuad Nəcəfli diqqətə çatdırıb ki, bu gün Dövlət Proqramı çərçivəsində atılan hər bir addım Naxçıvanın gələcək davamlı və yüksək inkişafının təməlidir. Nəticədə, muxtar respublika iqtisadiyyatı əhəmiyyətli şəkildə inkişaf edəcək. Bunun üçün müasir infrastrukturun da qurulması əsas şərtlərdəndir. Naxçıvan şəhərində və rayon mərkəzlərində Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinin fəaliyyət göstərməsi də bu infrastrukturun tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Məhz xidmətin bu cür müasir tələblər əsasında təşkili bu sahədə işin səmərəliliyini və xidmətin keyfiyyətini daha da artırır. Sahibkarlıq bazar iqtisadiyyatı əsasında şəffaflıq zəmnində daha da inkişaf edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, xidmətin 2024-2030-cu illər üçün inkişaf strategiyasının mühüm bir hissəsi effektiv vergi xidmətləri sisteminin təşkili ilə bağlıdır. Bu gün əsas hədəflərdən biri vergi orqanının müştəriyönümlü fəaliyyəti və xidmətlərin vergiödəyicilərinin ehtiyac və gözləntilərinin ödənilməsinə istiqamətlənib.
Orxan Nəzərli qeyd edib ki, Babəkdə açılan yeni mərkəz vergiödəyicilərinə göstərilən müasir xidmətlər dairəsinin genişləndirilməsi istiqamətində tədbirlərin növbəti mərhələsidir. Dövlət Vergi Xidmətinin rəisi xidmət mərkəzinin rayon ərazisində fəaliyyət göstərən sahibkarlara vergi məsələlərində zəruri dəstəyi təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini icra edən Abbas İsmayılov bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Şərur, Babək və Ordubad rayonlarında Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Dövlət Proqramının bu yarımbəndi vaxtından əvvəl tam icra edilib, hər 3 xidmət mərkəzi qurularaq vergiödəyicilərinin və vətəndaşların istifadəsinə verilib. Bu modern mərkəzlər, ümumilikdə, 51400-ə yaxın vergiödəyicisinə bütün xidmətləri təqdim edir və onların vergi məsələlərinin həllinə dəstək göstərir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə xatirə hədiyyələri təqdim olunub.
Həmçinin muxtar respublikada Vergi Ödəyicilərinə Xidmət mərkəzlərinin işinin təşkilində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının Vergi ombudsmanı xidməti baş idarəsinin şöbə rəisi Məmməd Quliyevə təşəkkürnamə, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Zahid Qənbərova isə fəxri fərman təqdim olunub.
Tədbir iştirakçıları mərkəzin tikinti prosesini əks etdirən videoçarxa baxıb, buradakı texniki imkanlar və vergiödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, ən yeni avadanlıqlarla təchiz edilmiş müasir dizaynlı xidmət mərkəzi geniş funksiyalara malikdir. Mərkəzdə sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, bəyannamə və hesabatların tərtib edilməsi və göndərilməsi, vergiödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması,“ASAN İmza” sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək. Xidmət mərkəzində özünəxidmət bölməsi də var və vergiödəyicilərinə büdcəyə olan borclarını öyrənmək, eləcə də şəxsi vərəqələrinə nəzər salmaq üçün imkan yaradılıb. Sabit vergi ödəyən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi də xidmət mərkəzindən əldə edə biləcəklər. Bununla yanaşı, mərkəzdə şəhid ailələri və Vətən müharibəsi qazilərinə növbədənkənar xidmət təmin olunub.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov muxtar respublikada yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı nəticəsində 2024-cü ilin yanvar-iyun ayları ərzində əldə olunmuş bəzi göstəricilər barədə təqdimat edib.
Sonda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi əməkdaşlarının “Naxçıvanın turizm potensialı” və “Naxçıvanın logistika və nəqliyyat potensialı” mövzularında təqdimatları dinlənilib.