Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi kollektivə təqdim olunub

Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 23 iyul 2024-cü il tarixli Sərəncamı ilə Muxtar Respublika İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilmiş Cavid Kəngərli kollektivə təqdim olunub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli xidmət rəisini təyinat münasibətilə təbrik ediblər, fəaliyyətində uğurlar arzulayıblar.

Diqqətə çatdırılıb ki, son bir neçə ildə muxtar respublikanın iqtisadi həyatında böyük canlanma, iqtisadi fəallığın sürətli artımı müşahidə olunur. Buna səbəb regionda biznes üçün yaradılmış əlverişli mühit, müasir inzibatçılıq, stimullaşdırıcı alətlərin və təşviq mexanizmlərinin tətbiqidir.

Qeyd edək ki, Cavid Kəngərli 21 fevral 1968-ci il tarixdə Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil alıb. 1992-ci ildən vergi orqanlarında çalışır. Son illərdə 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində xidmət edib. Baş vergi xidməti müşaviridir.

25-07-2024 17-07-10