İyulun 29-da “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə iyul ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.
Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Televiziyasının doğum günü iyul ayında olan şəhidlərlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib, tələbələr videoçarxda adları çəkilən 53 şəhidin portretləri ilə səhnəyə çıxıblar.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxış edərək bildirib ki, bu gün ölkəmiz ən uğurlu dövrünü yaşayır. Qarabağda böyük quruculuq işləri gedir. Soydaşlarımız doğma Şuşaya, Laçına, Zəngilana qayıdır. Bütün bu uğurları qəhrəman oğullarımızın şücaəti sayəsində əldə etmişik. Dövlətimiz və xalqımız onların qəhrəmanlıqlarını unutmur, şəhidlərimizin xatirəsini daim əziz tutur. Dövlət başçımızın tapşırığı ilə ölkəmizdə şəhidlərimizin xatirəsinin əbədiləşdirildiyi memorial komplekslər tikilir. Muxtar respublikanın rayonlarında da şəhidlər memorial abidə kompleksləri salınacaq.
“Dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına hər zaman dəstək göstərilib və bu dəstək daha da genişləndiriləcək”, – deyən Ceyhun Cəlilov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam həyat arzulayıb.
Şəhid baş leytenant Amin Gülməmmədovun atası, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov ötən əsrin sonlarında xalqımızın başına gətirilən bəlalardan, Ermənistanın soyqırımı, deportasiya və işğal siyasətinin ağrılı nəticələrindən danışıb. Qeyd edib ki, 2020-ci ildə növbəti təxribata əl atmağa çalışan düşməndən layiqli qisas alındı. Qəhrəman övladlarımız odlu-alovlu səngərlərə atılaraq Vətən uğrunda irəli, ölümün üzərinə getdi, ölümə qalib gəldi. Onlar Ali Baş Komandanımızın əmri ilə Azərbaycanın müstəqilliyi, suverenliyi, gələcəyi və çiçəklənməsi uğrunda döyüşdülər.
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli media ictimaiyyəti adından şəhidlərimizin xatirəsini anıb. Bildirib ki, Azərbaycan xalqı tarixboyu qəhrəmanlıqlar göstərib. Hər bir valideyn üçün əsl fəxarət mənbəyidir ki, bu gün böyütdükləri vətənpərvər övladları ilə xalqımızın qəhrəmanlıq ənənələrini davam etdirirlər. Bu gün Vətən torpağına kürəyimizi əminliklə söykəyib, onun havasını udub, suyunu içiriksə, bu, Naxçıvandan Şuşayadək şərəfli döyüş yolu keçən şəhidlərimizin xalqımıza böyük bir hədiyyəsidir. Şəhidlərimiz üçün ən böyük abidə onların bizə bəxş etdiyi azad Şuşa, Xankəndi, Xocalı, Qarabağdır. Xalqımız və dövlətimiz onların qəhrəmanlıqlarına böyük dəyər verir, Vətən oğullarının bizə əmanət etdiyi bu torpaqlarda geniş quruculuq işləri reallaşdırır.
Sahil Tahirli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan da bəhs edib. Vurğulayıb ki, dövlət başçımızın Böyük Qayıdış planına uyğun olaraq 140 min soydaşımız 2026-cı ilədək doğma torpaqlarına qayıdacaq. Daxili və xarici siyasətdə böyük uğurlar qazanan Azərbaycan ötən dövrdə bir sıra mötəbər tədbirlərin iştirakçısına və təşkilatçısına çevrilib. Bu il isə COP29 kimi qlobal səviyyəli bir tədbir ölkəmizdə keçiriləcək. Bütün Türk dünyasını, Avropa və Asiyanı birləşdirən mühüm qovşaq olan Zəngəzur dəhlizinin reallaşdırılması da dövlət başçımızın müəyyənləşdirdiyi əsas strateji hədəflərdəndir. Bütün bunlar Azərbaycanda güclü dövlət-xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə "Altay" teatrının aktyorları şəhidlərimizin xatirəsinə həsr olunmuş şeir-kompozisiya təqdim ediblər.
Sonda tədbir iştirakçıları Naxçıvan Televiziyasının təqdim etdiyi "Müzəffər Ali Baş Komandan" filminə baxıblar.