Oktyabrın 28-də Ordubad rayonunun Pəzməri kənd ümumi orta məktəbi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ikimərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, direktor, direktor müavini, şahmat, kompüter, müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və qazanxana yerləşir. Məktəbin kitabxana fondunda 1958 kitab vardır.
Məktəbdə internetə çıxışı olan 10 kompüter və 3 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Naxçıvan müstəqillik illərində” mövzusunda açıq dərsi izləyib.
STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Avtomatik balıqyemləmə” və “Dispanser qurğu” layihələrini təqdim ediblər.
Müəllim Aysel Abdullalı yaradılan şəraitə görə minnətdarlıq edib.
Təhsil ocağında dəqiq elmlərin yüksək səviyyədə tədris olunması üçün hər cür şərait yaradılıb, laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub. Bildirilib ki, məktəbdə şahmat fənninin tədrisi şagirdlərin düşünmə qabiliyyətini, məntiqi təfəkkürünü inkişaf etdirməklə yanaşı, digər fənləri də daha yaxşı mənimsəmələrinə kömək edir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Nazənin Quliyeva təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edibər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Pəzməri kənd ümumi orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, yaradılan şəraitdən düzgün istifadə ilə bağlı tapşırıqlar verib.
Binanın həyətində açıq idman qurğusu quraşdırılıb, abadlıq işləri aparılıb, yaşıllıq salınıb, suvarma və işıqlandırma sistemləri çəkilib.