Oktyabrın 28-də Unus kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, eyni zamanda rabitə evi, kitabxana, arxiv, mədəniyyət evi, 38 yerlik zal və qazanxana yerləşir. Kitabxana fondunda 8557 kitab vardır. Rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 106 internet istifadəçisi vardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 105 üzvü vardır ki, onlardan da 33-ü gənc, 57-si isə qadındır.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Natiq Hacıyev kənd sakinlərinin məşğuliyyəti barədə məlumat verib.
Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin istifadəyə verilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov muxtar respublikada müasir tibb ocaqlarının istifadəyə verildiyini və tibb işçiləri üçün rahat iş şəraitinin yaradıldığını bildirib, Unus kəndində feldşer-mama məntəqəsinin istifadəyə verilməsini bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olduğunu qeyd edib.
Ali Məclisin Sədri qeydiyyat, peyvənd və patronaj işinin təşkili, rayon mərkəzi xəstəxanasından müxtəlif həkim briqadalarının yerlərə göndərilməsi barədə tapşırıqlar verib.