Oktyabrın 28-də Vələver-Başkənd-Qoruqlar-Anaqut-Dırnıs-Kələki-Unus-Pəzməri kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, ümumi uzunluğu 14,2 kilometr olan əsas və 18,6 kilometrlik köməkçi yol yenidən qurulub, asfalt örtük salınıb. Tikinti zamanı 16,1 kilometr beton su kanalı, 2080 metr istinad divarı, 522 metr drenaj, 3740 metr su xətti çəkilib. Yolun üzərində 441 boru və 20 beton su keçidi, 3780 metr yol baryeri qoyulub, 2 körpü tikilib, 13 piyada körpüsü quraşdırılıb, 3 körpü təmir olunub, 1106 metr sahilbərkitmə işləri aparılıb.
Pəzməri şəlaləsinə gedən 4 kilometrlik avtomobil yolu da genişləndirilərək qum-çınqıl qatı verilib, 20 metr metal boru su keçidi qoyulub. 8 kəndi əhatə edən yol bölgədə turizmin inkişafına töhfə verəcəkdir.
Ali Məclisin Sədri yolda işlərin keyfiyyətlə aparılması münasibətilə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivinə təşəkkür edib.
Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov kollektiv adından yaradılan şəraitə görə minnətdarlıq edib.