Qədim tarixə və mədəniyyətə malik olan Ordubad rayonu müasirliyin vəhdətində daha da inkişaf edir, istər rayon mərkəzi, istərsə də zəngin təbiəti və təmiz havası ilə seçilən ucqar dağ kəndləri abad və yaraşıqlı görkəm alır. Unus və Pəzməri kəndlərində insanların rahatlığına xidmət edən sosial obyektlərin istifadəyə verilməsi dövlətimizin iqtisadi qüdrətinin, ölkəmizdə insan amilinə verilən dəyərin və uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir”.
Unus kənd məktəbində müasir
tədris şəraiti yaradılıb
Oktyabrın 28-də Ordubad rayonunun Unus kənd tam orta məktəbi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, ikimərtəbəli 120 şagird yerlik məktəbdə 10 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, direktor, şahmat, kompüter və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və bufet yerləşir.
Məktəbin kitabxana fondunda 3142 kitab vardır.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter quraşdırılıb. Kabinə 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Onurğa əyilməsinə qarşı hazırlanmış mikrobit” və “İstilikölçən cihaz” layihələrini təqdim ediblər.
Məktəbdə internetə çıxışı olan 14 kompüter və 3 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan xalçaları” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
Məktəbdəki laboratoriyaların hər biri dərsliklərdə nəzərdə tutulan mövzulara uyğun müasir təcrübə avadanlıqları ilə təmin olunub. Bu da dərsləri daha yaxşı qavramağa kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.
Müəllimlərdən Gültac Alırzayeva, Ədalət Hüseynov, Aytac Qocalı, Çinarə Mirzəyeva yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Məktəbdə istifadəyə verilən hərbi kabinə, müasir idman zalı, açıq idman qurğuları və şahmatın tədrisi gələcəyimiz olan uşaqların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə, fiziki və əqli inkişafına xidmət edir. Məlumat verilib ki, məktəbin bir şagirdi Heydər Əliyev adına Hərbi Liseyin birinci kursunda təhsilini davam etdirir.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və gənc müəllim Gülarə Bağırova çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Unus kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edib, tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində açıq idman qurğusu quraşdırılıb, abadlıq işləri aparılıb.