Sentyabrın 23-də “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə sentyabr ayında doğum günü olan şəhidlərin anım tədbiri keçirilib.
Dövlət və hökumət rəsmiləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Doğum günü sentyabr ayında olan şəhidlərlə bağlı Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş etdirilib, tələbələr videoçarxda adları çəkilən 40 şəhidin portretləri ilə səhnəyə çıxıblar.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin səmimi salamlarını və ehtiramını çatdırıb.
Baş nazir qeyd edib ki, sentyabr ayı Şanlı Vətən müharibəsinin başlandığı və lokal antiterror əməliyyatının aparıldığı dövr kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.
Bildirilib ki, bu il isə sentyabr ayında Şuşada və Xocalıda təhsil bərpa olundu. Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başladı. Bütün bunları ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən qəhrəman hərbçilərimizə, canını və sağlamlığını Vətən uğrunda fəda edən şəhid və qazilərimizə borcluyuq. Dövlət başçımızın apardığı uğurlu siyasət, xalqımızın birliyi və gənclərimizin milli ruhda tərbiyəsi parlaq qələbəni təmin etdi.
Muxtar respublikada şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdıran Ceyhun Cəlilov şəhidlərimizin xatirəsini ehtiramla yad edib, şəhid ailələrinə və qazilərə sağlam həyat arzulayıb.
Şəhid baş leytenant Əli Əliyevin atası Cavad Əliyev və leytenant Həsən Quliyevin anası İradə Quliyeva çıxış edərək son nəfəsini hərb meydanında verərək soydaşlarımızın Vətən həsrətinə son qoyan qəhrəman övladlarının döyüş yolundan fəxarətlə danışıb, göstərilən diqqətə və dəstəyə görə minnətdarlıq ediblər.
Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Behruz Ziyadov Müzəffər Ali Baş Komandanımızın əzmi, qətiyyəti və yüksək sərkərdəlik bacarığı ilə aparılan 44 günlük haqq savaşında əsgər və zabitlərimizin peşəkarlığından, igidliyindən və şücaətindən söz açıb, Şanlı Azərbaycan Ordusunda xidmət etməyindən sonsuz fəxarət duyduğunu bildirib.
Naxçıvan şəhər uşaq musiqi və incəsənət məktəbinin şagirdi, şəhid Sadiq Həsənovun qızı Lalə Həsənzadə pianoda “Vətən əmanəti” mahnısını ifa edib.
Sonda “Altai” teatrının aktyorları tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeir-kompozisiya təqdim olunub.