Azərbaycan Respublikası Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub

Sentyabrın 24-də Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə olunub. İclasda Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov da iştirak edib.

Baş nazir Əli Əsədov çıxışında bildirib ki, Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, regional və beynəlxalq müstəvidə uğurlu addımları yeni reallıqlar yaratmış və bu reallıqlar 2025-2028-ci illəri əhatə edən növbəti ortamüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsindəki strateji baxışını şərtləndirmişdir. Cari il Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə əlamətdardır. Belə ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Demokratik inkişaf tariximizə yeni uğur səhifəsi kimi yazılan prezident və parlament seçkilərinin nəticələri xalqımızın Heydər Əliyev yoluna sədaqətini, Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə inam və etimadını bir daha nümayiş etdirdi, eyni zamanda İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasına birmənalı dəstəyinin növbəti ifadəsi oldu.

         Baş nazir  Cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi aktivliyin davam etməsi, o cümlədən qeyri neft-qaz sektorunun bütün sahələrində müsbət artım templərinin müşahidə edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, 8 ayda Ümumi Daxili Məhsul 4.3% artmış, o cümlədən qeyri-neft sektorunda 7,0% artım olmuşdur. Qeyri-neft sənayesində isə 7.8% artım qeydə alınmışdır. Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 mlrd. $-ı ötmüşdür. Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir. Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. 1 sentyabr tarixinə bu göstərici 5,3 mlrd. dollar olmaqla ÜDM-in 7.5%-ni təşkil edir.

Baş nazir Əli Əsədov onu da diqqətə çatdırmışdır ki, Ötən dövr ərzində müsbət makro-fiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılmışdır. Nəticədə büdcə gəlirləri 2.2 mlrd. manat, büdcə xərcləri isə təxminən 3.0 mlrd. manat artmışdır. 

Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaratmışdır. 2025-ci il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanmışdır.

25-09-2024 09-09-03