Nazirlər Kabinetinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində və Gülüstan türbəsində olublar

Nazirlər Kabinetinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində və Gülüstan türbəsində olublar. Əməkdaşlara məlumat verilərək bildirilib ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılıb. Muzey binasının 2 iş otağından və ekspozisiya zalından ibarət olduğu ziyarətçilərin nəzərinə çatdırılıb. Vurğulanıb ki, ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir” fikri və  Əlincəqalada məskunlaşmış insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, qalada aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan nümunələr, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, eləcə də abidənin bərpadan əvvəl və sonrakı fotoşəkilləri nümayiş etdirilir.
Əməkdaşlar orta əsrlər Azərbaycan memarlığının incilərindən hesab olunan Gülüstan türbəsini də ziyarət edib. Əməkdaşların diqqətinə o da çatdırılıb ki, Gülüstan türbəsi qülləvari türbə tipinə aid olub sərdabə və türbə hissədən ibarətdir. Üzərində mürəkkəb və zərif ornamentlərin olduğu türbənin yuxarı hissəsində günbəz ucaldılıb.
 

31-10-2022 09-10-58