Oktyabrın 2-də Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan yeni binalar kollektivlərin istifadəsinə verilib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfov məlumat verərək bildirib ki, yeni inşa olunan binalarda Şahbuz və Babək rayonlarının Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turist Diyarşünaslıq mərkəzləri fəaliyyət göstərəcəkdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan inzibati binaların hər birində ümumilikdə 15 məşğələ otağı, 1 sərgi salonu, 1 bufet və 7 təsərrüfat otağı vardır.
Qeyd olunub ki, Uşaq-Gənclər Yaradıcılıq mərkəzləri üçün ayrılan mərtəbələrdə STEAM-Robotexnika, Qum və Ebru sənəti, Bədii dəri və və şüşə üzərində işləmə, Memarlıq-dizayn-kompüter mühəndisliyi, Bədii-qiraət-vokal, Rəsm dərnəkləri üçün məşğələ otaqları, Yaradıcılıq studiyası yaradılıb. Texniki Yaradıcılıq mərkəzləri üçün ayrılan mərtəbədə Ağac üzərində oyma-yandırma, Toxuculuq-bədii tikmə dərnəkləri üçün məşğələ otaqları və sərgi salonu pedaqoji kollektiv və dərnək üzvlərinin istifadəsinə verilib. Diyarşünaslıq mərkəzləri üçün ayrılan mərtəbədə isə rəqs və gimnastika zalı, cihazların saxlanılması və soyunub-geyinmə otaqları yerləşir.
Elxan Nəcəfov vurğulamışdır ki, ümumilikdə Şahbuz Rayon Uşaq- Gənclər Yaradıcılıq Mərkəzi üzrə 35 qrup, 22 dərnək rəhbəri, 255 dərnək üzvü, Texniki yaradıcılıq Mərkəzi üzrə 20 qrup, 11 dərnək rəhbəri, 168 dərnək üzvü fəaliyyət göstərəcəkdir. Həmçinin Diyarşünaslıq Mərkəzi üzrə 20 qrup,14 dərnək rəhbəri və 198 dərnək üzvünün iştirakı ilə tədrisə başlanılacaq.
Bildirilmişdir ki, Babək Rayon Texniki Yaradıcılıq Mərkəzi üzrə 23 qrup, 13 dərnək rəhbəri, 208 dərnək üzvü,Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üzrə 43 qrup, 23 dərnək rəhbəri, 356 dərnək üzvü, həmçinin Turist Diyarşünaslıq Mərkəzi üzrə 21 qrup, 14 dərnək rəhbəri, və 200 dərnək üzvünün iştirakı ilə tədris həyata keçiriləcəkdir.
Məktəbdənkənar təhsil müəssisələri ilə tanışlıq zamanı bir sıra tapşırıqlar verən Baş nazir Ceyhun Cəlilov bildirib ki, sağlamlıq imkanları məhdud uşaqların dərnəklərə cəlbinə diqqət artırılmalıdır. Müəssisə öz fəaliyyət istiqamətini şagirdlərin asudə vaxtlarını keçirməklə yanaşı, onların gələcək həyatlarında peşə seçimlərinə yiyələnməsinə istiqamətləndirməlidir. Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən dərnəklərimizə təbliğat gücləndirilməli, şagird cəlbinə və dərnəklərin sayının artırılmasına nail olunmalıdır-deyən Ceyhun Cəlilov dərnəklərdə şagirdlər tərəfindən hazırlanmış yekun satış sərgisinin təşkil olunmasını məqsədəuyğun hesab edib. Baş nazir muxtar respublikaya gələn qonaqlara təqdim olunan hədiyyələr arasında şagirdlərin də əl işlərindən seçilməsinə üstünlük verilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, binalardakı otaqların hər biri təyinatı üzrə mebel dəstləri, həmçinin dərnək məşğələlərinin tədris olunması üçün lazimi avadanlıqlarla təmin olunmuşdur. Mərkəzlərin yerləşdiyi inzibati binaların hər birində internetə çıxışı təmin edilən 14 kompüter və 3 elektron lövhə quraşdırılıb. Binaların həyətində qazanxanalar tikilib, yaşıllıq sahəsi yaradılıb.
Bir sözlə, istifadəyə verilmiş təhsil müəssisələrində uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirmələri, incəsənət sahəsində biliklərə yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb.