İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır.

Bildirildi ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkının salınması gələn ay COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

30-10-2024 17-10-13