Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 3 avqust tarixli Qərarı ilə “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının Naxçıvan Muxtar Respublikasının aidiyyəti orqanlarının sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 avqust tarixli 84 nömrəli Qərarında dəyişiklik edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 5 avqust tarixli Qərarına əsasən “Naxçıvan Qarnizonu Hərbi Hospitalının əhaliyə göstərdiyi tibbi xidmətlərin tariflərinin və həmin xidmətlərdən daxil olan vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Bundan əlavə, Nazirlər Kabinetinin 2021-ci il 10 avqust tarixli qərarları ilə “Naxçıvan Muxtar Respubulikasında artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, eləcə də “Naxçıvan Muxtar Respublikasında işsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nda dəyişiklik edilib. Sonuncu Qaydada edilən dəyişikliyə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilən əmlaka dair məlumatları Dövlət Məşğulluq Agentliyinə təqdim etməlidir.

Eyni zamanda Nazirlər Kabinetinin 2021-ci il 11 avqust tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə 2022-ci il üçün əmək miqrasiyası kvotası” təsdiq olunub.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

25-12-2021 15-12-04