Bu gün Naxçıvanda muxtariyyətin 100 illik yubileyinə həsr edilmiş “Maliyyə Forumu” keçirilib.Forum Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Azərbaycan Respublikasının bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri, muxtar respublikanın bütün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri, həmçinin digər mütəxəssisləri iştirakı edib.
Naxçıvanda keçirilən Maliyyə Forumunda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Naxçıvanda maliyyə irəliləyişlərindən danışıb. Vüqar Gülməmmədov dövlət müəssisələrində maliyyə şəffaflığının artırılması ilə bağlı görülən işlərə toxunub. O bildirib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi prioritetlərdən biridir.
Vüqar Gülməmmədov bir il əvvəl keçirilən tədbirdə dövlət sektorunda şəffaflıq və hesabatlılıqla bağlı minimal tələblərin müəyyən edildiyini vurğulayıb. O qeyd edib ki, bu müddət ərzində həyata keçirilən auditlər bəzi sahələrdə əhəmiyyətli irəliləyişlərin əldə edildiyini göstərir.
"Ötən dövrdə apardığımız təhlillər göstərir ki, maliyyə şəffaflığının artırılması istiqamətində müsbət dəyişikliklər baş verib. Müvafiq tapşırıqlar strateji sənədlərdə əksini taparaq icra olunmağa davam edir," - deyə Palata sədri forum iştirakçılarına müraciət edib.Bu mövzuda hazırlanan strateji sənədlər və tədbirlər Naxçıvanın sosial-iqtisadi inkişafında mühüm rol oynamağa davam edir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun strateji idarəetmə çərçivəsinə geniş yer verdiyini bildirib. O qeyd edib ki, Palatanın 2021-2025-ci illəri əhatə edən Strateji Planında əsas hədəflərdən biri maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsidir.
Bu hədəfin həyata keçirilməsi çərçivəsində dövlət orqanlarına maliyyə sahəsində təlimlərin keçirilməsi və təcrübə mübadiləsinin təmin olunması nəzərdə tutulub. Sədr vurğulayıb ki, Hesablama Palatası bütün maraqlı tərəflərə lazımi dəstək verməkdə davam edir.Vüqar Gülməmmədov həmçinin gələcəkdə Naxçıvan Muxtar Respublikasında kadr potensialının gücləndirilməsi məqsədilə Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlanıldığını açıqlayıb. Bu əməkdaşlıq çərçivəsində növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcək.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumunda Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azər Bayramov çıxış edib. O qeyd edib ki, bölgə geniş abadlıq işlərinin aparıldığı, yeni infrastruktur layihələrinin reallaşdırıldığı və yaşıl enerji zonası elan olunan bir yerə çevrilib. Son 22 ildə Naxçıvanın büdcəsinin 13,2 dəfə artaraq 539,3 milyon manata çatdığı qeyd olunub. Bununla yanaşı, 2023-2027-ci illər üçün təsdiq edilən Dövlət Proqramı çərçivəsində Naxçıvanın daha da inkişaf etdirilməsi məqsədilə 150 milyon manat ayrılacağı bildirilib.
Azər Bayramov bildirilib ki, cari ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Naxçıvan Xəzinədarlıq İdarəsinin yaradıldığı və bu idarənin Naxçıvan ərazisində büdcə və maliyyə əməliyyatlarının şəffaflığını artırmaq məqsədilə fəaliyyət göstərdiyi vurğulanıb.
Nazir müavini 2024-cü ildə Azərbaycanın və Naxçıvanın daha yüksək nailiyyətlərə imza atacağına əmin olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasında keçirilən maliyyə forumunda xüsusi məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən maliyyə islahatlarının və onların muxtar respublika üçün əhəmiyyətindən bəhs edib.
Fuad Nəcəfli vurğulayıb ki, maliyyə nəzarəti hər bir ölkənin iqtisadi nəzarət sisteminin əsas tərkib hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə dəyişən qlobal çağırışlara uyğun olaraq yenilənir, dayanıqlı maliyyə sistemi formalaşır. O bildirib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın qeyri-neft sektoru və ixracı sürətlə artır, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılır. Bu proseslər Azərbaycanın qlobal iqtisadi böhranlardan minimal itkilərlə çıxmasını təmin edib.
Naxçıvan Muxtar Respublikasında son iki ildə həyata keçirilən yeni idarəetmə metodları çərçivəsində maliyyə sahəsində ciddi irəliləyişlərə nail olunduğunu qeyd edən Fuad Nəcəfli, büdcə intizamının gücləndirilməsi, yerli gəlirlərin artırılması və dotasiyanın azaldılması istiqamətində görülən işlərdən danışıb. Əgər iki il öncə yerli gəlirlər ümumi büdcənin cəmi 20-25 faizini təşkil edirdisə, bu ilin sonunda bu göstərici 50 faizdən artıq olacaq.
O, həmçinin dövlət satınalmalarının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması sahəsində aparılan sistemli işlərin dövlət vəsaitinin düzgün və səmərəli istifadəsini təmin etdiyini vurğulayıb.
Fuad Nəcəfli çıxışında forumun gələcək üçün yeni maliyyə hədəflərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını və muxtar respublikada dövlət-maliyyə siyasətinin daha effektiv həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib.
Bu forumun nəticələri, maliyyə idarəçiliyi sahəsində görülən işlərin dərinləşdirilməsi və yeni yanaşmaların tətbiqi üçün möhkəm zəmin yaradacaqdır.