Naxçıvanda Bahar festivalı keçirilir

 Martın 18-də “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı start götürüb. 
Festivalda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Əcəmi Seyrəngahı”ndakı büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
    Milli geyimli “Bahar qız” bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb. 
    “Şərur” Xalq Yallı Ansamblı tərəfindən milli rəqslərimizindən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan “Kosa və keçəl” səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi isə “Saçları səməni oğlan” tamaşasını nümayiş etdirib.  
    Festival iştirakçıları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, eləcə də istedadlı şəxslərin təşkil etdikləri müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi ilə , həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları tinglərə dəyiş” aksiyası ilə tanış olublar. 
Festivalda muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən ictimai-iaşə xidməti də təşkil edilib.
    Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirdə çıxış edərək bildirib ki, xalqımızın milli dəyərləri içərisində Novruz bayramı xüsusi yer tutur. Bayramın mahiyyətini ifadə edən sülh, quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun, yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. Novruz bayramı ölkəmizdə iqtisadi yüksəlişlə həmahəng qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız Novruzu sabitlik, inkişaf və rifah şəraitində qarşılayır. 
    Qeyd edilib ki, ölkəmizin ümumi inkişafı onun hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edib. Xüsusilə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın ardıcıl şəkildə icrası muxtar respublikanı yeni inkişaf hədəflərinə doğru uğurla aparır. Dövlət Proqramına uyğun olaraq bu il İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ölkə Prezidentinin Naxçıvana növbəti diqqətinin daha bir ifadəsi olmaqla muxtar respublikada enerji təhlükəsizliyinə ciddi töhfələr verəcək.  
    “2025-ci ildə Naxçıvan Muxtar Respublikasında mühüm infrastruktur tədbirləri həyata keçiriləcək. Avtomobil yolları yenidən qurulacaq, məktəb binalarının, uşaq bağçalarının inşasına başlanacaq, eləcə də tarixi abidələrdə beynəlxalq mütəxəssislər tərəfindən bərpa-konservasiya işləri həyata keçiriləcək. Hazırda muxtar respublikada avtomobil yollarının yenidən qurulması ilə bağlı ümumi dəyəri 80 milyon manatdan artıq olan satınalma müsabiqələri davam etdirilir”, - deyən səlahiyyətli nümayəndə vurğulayıb ki, il ərzində 10 milyon manatdan artıq tibbi avadanlıqların alınması nəzərdə tutulur. Bu il “Araz-1” və “Araz-2” nasos stansiyalarının, “Bənəniyar” su anbarının sugətirici kanalının yenidən qurulması aparılacaq ki, bu da əkin sahələrinin dayanıqlı su təminatına imkan verəcək. Elektrik enerjisi təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Hazırda ümumi dəyəri 40 milyon manat olan elektrik verilişi xətlərinin inşası ilə bağlı satınalma müsabiqəsi davam etdirilir. Bununla yanaşı, il ərzində muxtar respublikada 3 yarımstansiyanın,  20 kənddə elektrik verilişi sisteminin, 30 meqavat gücündə Günəş elektrik stansiyasının inşası nəzərdə tutulur. 
    Diqqətə çatdırılıb ki, mənzil bazarında tələbatın artması Naxçıvan şəhərində yeni yaşayış komplekslərinin inşasını da zərurətə çevirib. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində 5 hektar sahədə yaşayış kompleksinin tikintisi ilə bağlı layihələndirmə işləri aparılır. Bununla yanaşı, hazırda Naxçıvan şəhərində sahibkarlar tərəfindən 2 yeni yaşayış kompleksi də inşa olunur.
    Bütün bunlar onu deməyə əsas verir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası daha böyük inkişafa qovuşacaq. Buna misal olaraq Azərbaycan Respublikası İqtisadi Şurasının Naxçıvanın Azad İqtisadi Zona olması ilə bağlı yeni qərarları var. Bu sahədə də işlərin qətiyyətlə aparıldığını vurğulayan Fuad Nəcəfli bu əziz bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edib, şəhid ailələrini, qazilərimizi, bütün muxtar respublika əhalisini təbrik edib, sağlıq və səadət arzulayıb.
    Bahar festivalı Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs nömrələri və Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə davam edib.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan Bahar festivalı martın 23-dək davam edəcək. 
    
 

18-03-2025 19-03-05