Aprelin 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının dördüncü iclası keçirilib.
Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələlərin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının, həmçinin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin ikinci oxunuşda müzakirəsi olduğunu bildirib.
Gündəlik təsdiq olunduqdan sonra Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Nazirlər Kabinetinin hesabatı Ali Məclisin komitə iclaslarında müzakirə olunub, komitələr tərəfindən verilmiş rəylərdə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı” irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Ali Məclisin komitə sədrləri təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıb. Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
İclasda Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.
Gündəlikdə duran digər məsələlərin – “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin ikinci oxunuşda müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, qanun layihələri 16 aprel 2025-ci il tarixdə birinci oxunuşda müzakirə edilib, söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla üzərlərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul edilib.
Qanun layihələri barədə Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib və redaktə olunması üçün aparıcı komitəyə qaytarılıb.
Bununla da Ali Məclisin iclası başa çatıb.