Naxçıvan Muxtar Respublikasının Baş naziri ilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu arasında görüş keçirilib

31 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovla Türkiyə Respublikasının Naxçıvanda yeni təyin olunmuş baş konsulu Asip Kaya arasında görüş keçirilib.

Baş nazir S.Məmmədov Asip Kayanı yeni vəzifə təyinatı münasibətilə təbrik edib, ona Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb. Baş nazir Azərbaycan ilə Türkiyə arasında yeganə quru sərhəd bölgəsi olan Naxçıvanda Türkiyə Respublikasının Baş Konsulluğunun fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi, enerji mübadiləsi, gömrük-keçid məsələlərinin sadələşdirilməsi, o cümlədən İğdır-Naxçıvan qaz boru kəməri və Naxçıvan-Qars dəmiryolu xətti kimi strateji layihələrin reallaşdırılmasının vacibliyi qeyd olunub.

Baş konsul Asip Kaya öz növbəsində səmimi qəbula görə minnətdarlığını bildirib. Baş konsul Tehran şəhərində Azərbaycan Respublikasının Səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş səfirlik əməkdaşına görə başsağlığı verib.

Ölkəsinin Naxçıvana baş konsul vəzifəsinə təyinatından məmnunluğunu ifadə edən Asip Kaya, fəaliyyəti dövründə iqtisadi, ticarət, humanitar və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

31-01-2023 18-01-10