Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanvar ayında bir sıra qərarlar qəbul edib

Nazirlər Kabinetinin 2023-cü il 18 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Qərarı ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunlaşdırılmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 yanvar tarixli  Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəlləri və strukturu yenidən təsdiq edilmişdir.

Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 19 yanvar tarixli Qərarı ilə “Rayon (şəhər) qəzetlərinin ştat cədvəli”nin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə bundan sonra şəhər və rayon icra hakimiyyəti orqanı olan qəzetlərin ştat cədvəlləri Naxçıvan şəhər və rayon icra hakimiyyətləri tərəfindən  təsdiqlənəcəkdir.

Nazirlər Kabinetinin 2023-cü il 23 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında” və “Xüsusi qaydada fəaliyyət göstərən notariat ofisləri işçilərinin əmək haqlarının müəyyən edilməsi barədə” qərarlarında dəyişiklik edilərək, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin ştat cədvəli və işçilərin aylıq vəzifə maaşlarının müəyyən edilməsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazir­liyi ilə razılaşdırılmaqla müvafiq qurumlar tərəfindən həyata keçiriləcəkdir.

Eyni zamanda Nazirlər Kabinetinin 2023-cü il 24 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında 2023-cü il üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planı” və tələb olunan biopreparat və laboratoriya ləvazimatlarının Siyahısı” təsdiq edilmişdir. Sərəncama əsasən 2023-cü ildə 21 xəstəlik üzrə epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər dövlət maliyyə dəstəyi ilə həyata keçiriləcəkdir.

Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli Qərarı ilə “Dövlət büdcəsindən maliyyələşən və bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşları sxemləri təsdiq edilmişdir. Adıçəkilən Qərara görə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin, “Naxçıvan Muxtar Respublikasının dövlət arxivi və rayon (şəhər) dövlət arxivlərinin, “Naxçıvan Dövlət Film Fondunun, “Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin” əməkdaşlarının, “İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin” əmək haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il  16 yanvar tarixli Qərarına uyğun olaraq artırılmışdır.

Həmçinin Nazirlər Kabinetinin eyni tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna  daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında”, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi  şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi barədə”, “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi  şəxsin ştat cədvəli”nin təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik  edilməsi barədə” qərarları ləğv edilərək müvafiq səlahiyyətlər Səhiyyə Nazirliyinə verilmişdir.

Nazirlər Kabinetinin digər bir tarixli Qərarı ilə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik səpininə  və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər  tərəfindən  istehsalçılara satılan mineral gübrələrin, biohumusun  və pestisidlərin  güzəştlə  satılması Qaydaları”nın təsdiq edilməsi barədə”, “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin  təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası ərazisində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi  və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə  göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği”nin təsdiq edilməsi haqqında” qərarları ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş qaydalara və xidmət haqlarına əsasən həyata keçiriləcəkdir. 

Nazirlər Kabinetinin 2023-cü il 27 yanvar tarixli Qərarı ilə “Bir sıra təsərrüfathesablı dövlət müəssisələrinin və paylarının (səhmlərinin) nəzarət zərfi  dövlətə məxsus olan bir sıra hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi  haqqında” Qərarında dəyişiklik edilmişdir. Qərara əsasən Həmkarlar İttifaqları Komitəsinin və rayon ittifaqları şurasının ştat cədvəlləri ləğv olunaraq müvafiq səlahiyyətlərin həmin qurumlar tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi  təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin  aparılması Qaydaları”nda dəyişiklik edilmişdir. Belə ki, müəssisələrdə işləyən müəllimlərin həftəlik dərs yükü 12 saat, yəni 1 stavka (həftəlik dərs yükü 2 stavkadan 3 stavkayadək artırılmış), müəssisələrə işə qəbul və müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanında test tapşırıqlarının sayı 50-dən 40-a endirilmiş, test suallarının tərkibi dəyişdirilmiş (30 sual musiqi sahəsi üzrə ixtisas biliklər, 10 sual mədəniyyət sahəsi üzrə ümumi dünyagörüşü üzrə), test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə verilən vaxt 60 dəqiqəyə endirilmiş, müsahibə mərhələsində namizədə verilən 30 dəqiqə vaxt isə 20 dəqiqəyə endirilmişdir. Qərarda olan dəyişikliklərə əsasən müstəsna hallarda tədris prosesinin fasiləsizliyinin və operativliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan hər hansı məktəbdə mövcud olan vakansiyanın dərhal komplektləşdirilməsinə zərurət olduqda həmin vakansiya üzrə işə qəbul müsabiqədənkənar qaydada həyata keçirilə bilər. Vakansiyanın müsabiqədənkənar qaydada komplektləşdirilməsi üçün müvafiq olaraq mədəniyyət idarələri (şöbələri) tərəfindən Nazirliyə əsaslandırılmış təqdimat verilir. Müsabiqədənkənar qəbul müvəqqəti xarakter daşıyır və həmin şəxslərlə bağlanmış əmək müqaviləsinin tədris ilinin sonundan artıq müddətə qədər davam etməsinə yol verilmir. Musiqi məktəblərinin rəhbər vəzifəli şəxsləri hər hansı bir səbəbdən işdən azad olunan zaman onlar ixtisasına uyğun digər vəzifəyə keçirilə və yaxud ixtisası üzrə müəllim saxlanıla bilər. Yaşayış yerinin dəyişdirilməsi, müəssisənin ləğvi və digər üzrlü hallarda işçinin müvafiq müəssisədə əvvəlki vəzifəsinə uyğun işlə təmin edilməsi müsabiqədənkənar həyata keçirilə bilər. Müəssisələrdə daimi əmək müqaviləsi ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə uyğun vakant yer yarandığı təqdirdə Mədəniyyət Nazirliyinin razılığı ilə mədəniyyət idarələri (şöbələri) tərəfindən fərdi qaydada baxılır. Yerdəyişmə ilə bağlı qərar qəbul edilərkən müharibə iştirakçılarına və şəhid ailələrinin üzvlərinə üstünlük verilir.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə işə qəbul Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə işə qəbul üçün test imtahanında, ümumilikdə, 60 test tapşırıq sualının 40-a endirilməsi və sualların 20-si qanunvericilik üzrə, 15 sual mədəniyyət sahəsində ümumi dünyagörüşü üzrə, informasiya və kommunikasiya texnologiyalarına aid test tapşırığı isə 5-ə endirilmişdir. Qərara əsasən nazirliyin kadr nomenklaturasına daxil olan vəzifələr,  “Şərur” Xalq Yallı Ansamblının üzvləri, texniki vəzifələr, habelə səs avadanlıqları üzrə mühəndis, texnik (radist), texnik, səhnə işıqçısı, musiqi alətlərinin təmirçisi-kökləyicisi, işıqçı, butaforçu-dekoratorçu, teatr geyimləri üzrə dərzi, dekorasiyaların hazırlanması üzrə dülgər, kukla hazırlayan, mühəndis, mühəndis-texnik, havalandırma üzrə texnik vəzifələrinə işə qəbul müsabiqədənkənar həyata keçirilir. Qabiliyyət tələb olunan ixtisaslar üzrə vəzifələri tutmaq istəyən namizədlər (bədii və yaradıcı heyət) üçün işə qəbul yalnız müsahibə vasitəsilə aparılır. İşçilərin əməyinin stimullaşdırılması məqsədilə müəssisə daxilində daha yüksək vəzifəyə təyin olunması, intizam tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar və ya işçilərin öz istəyi ilə aşağı vəzifəyə keçirilməsi, həmçinin rəhbər vəzifələrdə çalışan şəxslərin işdən azad olunması zamanı onların ixtisasına uyğun digər vəzifəyə keçirilməsi müsabiqədənkənar həyata keçirilə bilər. Namizədlərin müvafiq vakant vəzifəyə uyğunluğu nazirlik tərəfindən təqdim edilmiş vəzifə təlimatlarına uyğun  müəyyənləşdirilir. 

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

01-02-2023 10-02-54