Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti oktyabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 1 oktyabr tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu xidməti “Elektron xidmət növlərinin Siyahısı”ndan çıxarılmışdır.

Nazirlər Kabinetinin 2021-ci il 4 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinə, məhsul istehsalına, toxum və ting satışına görə verilən subsidiya əmsallarının təsdiq edilməsi haqqında” 2019-cu il 26 dekabr tarixli Qərarında edilmiş dəyişikliyə görə 2022-ci il üçün kənd təsərrüfatı bitkilərinin əkin əmsalları və əkin subsidiyalarının yeni məbləği təsdiq edilmiş, tütün növləri üçün məhsul subsidiyanın məbləği müəyyən edilmişdir. Qeyd edək ki, növbəti ildən başlayaraq 10 hektar və daha çox torpaq sahəsində sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası sığorta müqaviləsi bağlandıqdan sonra veriləcəkdir.

Həmçinin Nazirlər Kabinetinin 2021-ci il 8 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən, dövlət sifarişi ilə göstəriləcək baytarlıq xidmətlərinin Siyahısı” təsdiq edilmişdir.

Bundan başqa, Nazirlər Kabinetinin 2021-ci il 11 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci ilin 21 iyul tarixli 131 nömrəli Qərarı ləğv edilmişdir.

Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə, eləcə də uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün atanın 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyütməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunur. Həmçinin 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərə, 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün zəruri sənədlər müəyyən edilmişdir. Qeyd edək ki, müvafiq dəyişikliyədək çoxuşaqlı analara və uşaqlarını təkbaşına böyüdən atalara yaşa görə müavinətin təyin edilməsi üçün 3 və daha çox uşağın olması barədə arayış tələb olunurdu.

Nazirlər Kabinetinin digər Qərarı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na edilmiş dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, qanunvericiliyin tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

24-01-2022 10-01-04