Babək rayonunun Vayxır kəndi abad kəndlər sırasına qoşulub

Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsindədir. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Babək rayonunun Vayxır kəndində genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi bu sahədə görülən işlərin davamıdır. 

     Vayxır kənd tam orta məktəbi müasir tədris imkanlarına malikdir 


Fevralın 1-də Vayxır kənd tam orta məktəb binası yenidənqurmadan sonra  istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məlumat vermişdir ki, Babək rayonunun Vayxır kəndində 378 şagird yerlik tam orta məktəb binasının yenidənqurulmasına 2022-ci ilin mart ayında başlanmışdır. 2 mərtəbədən ibarət olan məktəb binasında 21 ədəd sinif otağı, 2 ədəd elektron lövhəli sinif, kompüter sinfi, şahmat sinfi, hərbi sinif, STEAM otağı, müəllimlər otağı, kimya, biologiya, fizika laboratoriyaları, kitabxana, idman zalı və digər otaqlar yerləşir.  

 Təhsil sisteminin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Belə ki, məktəbin fizika laboratoriyasında, STEAM otağında, və 2 ədədi digər siniflərdə olmaqla cəmi 4 ədəd elektron lövhə quraşdırılmış, məktəbin optik rabitə sistemi ilə internet şəbəkəsinə qoşulması təmin edilmişdir.  

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Vayxır kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir ki, Ümummilli Liderimiz  Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz inkişafa qovuşub. Ölkəmizdə digər sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsi də yüksək səviyyədədir. Bu da imkan verir ki, gənclərimiz savadlı kadr kimi yetişsinlər. Ümummilli Liderimiz deyirdi ki, “Təhsil sahəsində əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir”. Deməli təhsil ölkənin gələcəyidirsə, təhsildə əldə olunan nailiyyətlər isə ölkənin milli sərvətidir. Ona görə də ölkəmizdə məktəb işinə bu qədər diqqət və qayğı göstərilir, tədris müasir tələblər səviyyəsində qurulur.  

Baş nazir bildirib ki, bu gün elə bir sahə yoxdur ki, orada yeni texnologiyalar tətbiq olunmasın. Bunun üçün də şagirdlər müasir texnologiaları yaxşı mənimsəməli, daha yaxşı öyrənməlidirlər ki, gələcəkdə təhsillərini müxtəlif ali və orta ixtisas təhsili məktəblərində davam etdirə bilsinlər. Kollektivin qarşısında duran əsas vəzifə gənclərimizə yaxşı təhsil verməklə cəmiyyətin gələcək inkişafını təmin etməkdir. Bunun üçünsə məktəbdə hər cür şərait yaradılıb. Yaradılan şəraitdən düzgün istifadə olunarsa, təhsil ocağı nailiyyətlərini daha da artırar.  

Baş nazir kollektivə uğurlar arzulamışdır. 

 Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Ulu Öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir. Təhsil müəssisələrinin infrastrukturu yenilənir, müəllim və şagirdlərin təlim şəraiti yaxşılaşdırılır. Muxtar respublikanın digər rayonları kimi Babək rayonunda da ümumtəhsil məktəblərinin  maddi-tədris bazasının  yaxşılaşdırılması diqqətdə saxlanılır. Bu gün Vayxır kənd tam orta məktəb binasının yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi bu sahəyə göstərilən qayğının bariz nümunəsidir. Vayxır kənd tam orta məktəbində yaradılan müasir tədris şəraiti məktəbdə bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açmaqla yanaşı, əldə olunan uğurlu nəticələrin  davamlılığını da təmin edəcəkdir.  
Məktəb binasının həyətində bufet, qazanxana, idman qurğuları və 4 ədəd sanitar qovşaq yerləşir. Bina istilik, elektrik və su sistemi ilə təchiz olunmuş, ətrafında geniş abadlıq işləri aparılmışdır. Belə ki, həyətə kilid daş və travertin pilitələr döşənmiş, yamaclar betonlanmışdır. Həyətdə ağaclar, gül kolları əkilmiş, ətraf ərazi işıqlandırılmış və suvarma sistemi ilə təchiz olunmuşdur.  

02-02-2023 09-02-41