Nazirlər Kabinetinin əməkdaşları Xan Sarayı Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də Naxçıvan xalqının tarixi keçmişinin, mədəni irsinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Nazirləri  Kabinetinin əməkdaşları Xan Sarayı Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.

Kompleksin bələdçisi əməkdaşlara məlumat verərək bildirib ki, Xan Sarayını XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda tikilmiş Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Memarlıq üslubu ilə seçilən Xan Sarayı yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa edilmişdir. Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə bərpa olunmuşdur. Burada Naxçıvan xanlarına məxsus eksponatlar qorunub saxlanılır. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, Naxçıvan xanlığının xəritəsi də nümayiş etdirilir.  

Muzeyin ikinci və üçüncü ekspozisiya zallarında Naxçıvan xanlığı, xanlığı idarə edən Kəngərli nəslinin nümayəndlərinə aid olan  fotolar, onlarla bağlı yazılmış elmi tədqiqat kitabları  və arxiv sənədləri, eləcə də xanlığın dövlət və döyüş bayraqları da nümayiş olunur. Naxçıvan xanlığı haqqında yazılı annotasiya, Kəngərli nəslinin gerbi və Kəngərli süvari dəstəsinin fəxri bayrağının rəngli fotosurətləri, Naxçıvan xanlarının nəsil şəcərəsini və vəkil (sultan) qolunu əks etdirən sxem-tablo, xanlığın müdafiəsində əsas rol oynayan Abbasabad qalasının sxemi və Naxçıvanın Qaraçuq kəndində Kəngərli bəylərinə məxsus mülklərin 1889-cu ildə II Nikolayın möhürü ilə təsdiq edilmiş xəritəsi, həmçinin xan nəslinin məşhur generallarından II Kalbalı xan, Hüseyn xan, Cəmşid xan Naxçıvanskilərin fotoları və onlar haqqında arxiv sənədlərinin surətləri, yazılı məlumatlar, eləcə də xan nəslinin digər məşhur hərbçi və dövrün tanınmış şəxslərindən Kərim Sultan, Əşrəf ağa Kəngərli, Xaqan xan, Kamran xan, Rəhim xan Naxçıvanskilərə, Hüseyn xanın oğlu Nikolay Naxçıvanskiyə aid fotomənbələr, yazılı məlumatlar salonda öz əksini tapıb. Salondakı eksponatlar məşhur Kəngərli generallarından olan Ehsan xan, I Kalbalı xan, II Kalbalı xan, İsmayıl xan, tam süvari generalı Hüseyn xan Naxçıvanskilər, general-mayor Cəmşid xan Naxçıvanski ilə əlaqədar yazılı məlumatlar, arxiv sənədləri, nadir fotomənbələrdən ibarətdir. Həmçinin salonda general Maqsud Əlixanov, Əmirsuvar bəy Kəngərli, Əşrəf ağa Kəngərli, Əkbər xan Naxçıvanski ilə bağlı müxtəlif məzmunlu eksponatlar, həmçinin Kəngərli nəslinin tanınmış qadın nümayəndələrindən Heyran xanım, Xurşid Qacar, Qönçəbəyim, Xanbikə xanım, Zərrintac bəyim haqqında foto və yazılı məlumatlar nümayiş etdirilir.

24-01-2022 10-01-42