Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanvar ayının birinci 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 11 yanvar tarixli Qərarı ilə “Prokurorluq işçisinin və onun ailə üzvlərinin yeni qulluqkeçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nda, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda və “Naxçıvan Muxtar Respublikasında Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası”nda,“Penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin Naxçıvan Muxtar Respublikası ərazisində müvəqqəti yaşayış yeri ilə təminolunma qaydası və həmin müvəqqəti yaşayış yerlərində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nda, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də, “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulu və birdəfəlik kompensasiyaların miqdarı və ödənilməsi Qaydaları”nda da dəyişiklik edilmişdir.

Qanunvericiliyə əsasən 2022-ci il iyulun 1-dən sağlamlıq imkanları məhdudluğun artıq dərəcələr üzrə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında təyin edilməsi ilə əlaqədar həmin normativ-hüquqi aktlarda edilmiş dəyişikliklərə görə I və II dərəcə əlilliyi olan şəxslər ifadəsi orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər ifadəsi ilə, sağlamlıq imkanları məhdud18 yaşınadək uşaqlar ifadəsi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər ifadəsi ilə əvəz edilmişdir. Nazirlər Kabinetinin eyni tarixli digər Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq (ərzaqlıq və damazlıq yumurta, pomidor, soğan, xiyar və kornişon, fındıq, alma, armud, üzüm, xurma, meyvə-tərəvəz şirələri, meyvə-tərəvəz suyu və energetik içkilər, sement və klinker (ağ klinker istisna olmaqla), gips və anhidrit, bentonit, inşaat kərpicləri və blokları, alçıpan, kafel və metlax) spesifik idxal rüsumlarının qüvvədəolma müddəti 31.12.2023-cü il tarixinədək uzadılmışdır, habelə (odadavamlı kərpiclər və bloklar və digər odadavamlı keramika məmulat və materiallarda, bud, böyük baldır sümüyü və ona bitişik ətraf əzələlər olmadan toyuq ayağı və onun hissələri, ağ sementin klinkeri (ağ klinker) spesifik idxal rüsumlarının tətbiqi dayandırılmışdır. Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 12 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”ndə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə görə nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi yük avtomobilləri və yəhərli avtoqatarlar üçün artırılmış, nəqliyyat vasitələrinin oxuna düşən yükün icazə verilən kütləsi isə yenidən müəyyən edilmişdir. Eyni zamanda Nazirlər Kabinetinin 2022-ci il 13 yanvar tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda edilmiş dəyişikliyə əsasən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim, musiqi rəhbəri və tibb bacısı vəzifələrinin tutulması Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçiriləcəkdir. Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.

24-01-2022 10-01-55