Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94‑cü maddəsinin I hissəsinin 1-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 373-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 148-2-ci və 242-1-ci maddələr əlavə edilsin:

“Maddə 148-2. Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma

148-2.1. Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma –

üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-2.2. Eyni əməllər:

148-2.2.1. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

148-2.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə;

148-2.2.3. şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə;

148-2.2.4. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə –

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

“Maddə 242-1. Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya yayma

Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma –

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

Maddə 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD və 373-VIIQD nömrəli qanunları) 37.3-cü maddəsinə “148-1,” rəqəmlərindən sonra “148-2.1,” rəqəmləri əlavə edilsin.

Maddə 3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364 (Cild I); 2024, № 1, maddə 18, № 7, maddə 769; 2025, № 7, maddə 626; 2026, № 1, maddə 17) aşağıdakı məzmunda 13-2.3.9-1-ci və 13-2.7-ci maddələr əlavə edilsin:

“13-2.3.9-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar;”;

“13-2.7. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.”.

Maddə 4. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); 2024, № 5 (I kitab), maddələr 488, 494, № 7, maddə 775; 2025, № 2, maddə 100, № 4 (I kitab), maddə 318, № 8, maddə 741; Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 368-VIIQD nömrəli və 3 mart tarixli 372-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

4.1. aşağıdakı məzmunda 14.1.13-1-ci maddə əlavə edilsin:

“14.1.13-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir;”;

4.2. 41.1.1-ci maddəyə “14.1.13-cü,” sözlərindən sonra “14.1.13-1-ci,” sözləri əlavə edilsin;

4.3. 66.1-ci maddəyə “14.1.13-cü” sözlərindən sonra “, 14.1.13-1-ci” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2026-cı il

06-05-2026 17-05-00