Nazirlər Kabineti fevral ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib

Nazirlər Kabinetinin 2023-cü il 17 fevral tarixli Qərarı ilə Qapalı və sosialyönlü dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaiti hesabına alınan ərzaq  məhsulları olan taxılın, un məhsullarının, meyvə və tərəvəzlərin, süd və süd məhsullarının, yağların, qənnadı məmulatlarının, ədviyyatların,paxlalıların,  ət və balıq məhsullarının, eləcə də digər ərzaq məhsullarının qiymətləri təsdiq edilmişdir. 
    Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən həyata keçiriləcəkdir.   
    Eləcə də, Nazirlər Kabinetinin 2023-cü il 24 fevral tarixli Sərəncamına əsasən Culfa rayon  inzibati ərazi vahidinin sərhədləri daxilində, “Darıdağ” massivində yerləşən dövlət ehtiyyat fondu torpaqlarına aid olan, kənd təsərrüfatına yararsız 2,33 hektar torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid edilmişdir.  
    Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 27 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarı ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğunlaşdırılmışdır.  
    Nazirlər Kabinetinin 2023-cü il 27 fevral tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminə qoşulanadək kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraqhəyata keçiriləcəkdir.  
    Nazirlər Kabinetinin 2023-cü il 28 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının və hərbi qulluqçularının xüsusi rütbəsi olan əməkdaşlarının hərbi(xüsusi) rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin Vahid Tarif Cədvəli üzrə aylıq vəzifə maaşlarının məbləğləri təsdiq edilmişdir. 
    Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür. 

01-03-2023 11-03-48