Muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərində yaradılan şərait milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binaların tikilməsi istedadlı musiqiçi kadrların yetişdirilməsinə böyük töhfə verir.
Yanvarın 14-də Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 1983-cü ildən fəaliyyət göstərən Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbində fortepiano, tar, kamança, nağara, qanun, balaban, qarmon və truba olmaqla, 8 ixtisas üzrə 140 şagirdin təhsili ilə 21 müəllim məşğul olur. 2021-2022-ci tədris ilində məktəbə 29 şagird qəbul olunmuşdur. Təhsil müəssisəsində Xor kollektivi, Nəfəsli Alətlər, Xalq Çalğı Alətləri, Nağaraçalanlar ansamblları və uşaqlardan ibarət həvəskar Yallı qrupu fəaliyyət göstərir.
Üçmərtəbəli məktəb binasında 3 musiqi ədəbiyyatı, 3 solfecio, 3 kamança, 3 nağara, 7 fortepiano, 2 tar, 4 qarmon, 2 nəfəsli alətlər, 1 xanəndə, 1 vokal, 1 qanun, 1 saz, 2 balaban, 2 truba sinifləri, 30 yerlik konsert zalı, direktor, müəllimlər, alət təmiri otaqları, kitabxana, arxiv, bufet, qarderob və təsərrüfat otağı vardır.
Ali Məclisin Sədri musiqi məktəbinin kollektivi ilə görüşüb.
Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin müəllimi Pərvin İsmayılov minnətdarlıq edərək deyib: “Muxtar respublikada digər sahələrdə olduğu kimi, mədəniyyətin inkişafına da daim diqqət və qayğı göstərilir, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərdə müasir mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikilib istifadəyə verilməsi bunun ən parlaq nümunəsidir. Yeniyetmə və gənclərin istedadlarının və yaradıcılıq potensiallarının üzə çıxarılmasında uşaq musiqi məktəblərinin rolu böyükdür. Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbi üçün müasir binanın inşa olunması kollektivimizin sevincinə səbəb olub. Məktəbdə yaradılan şərait dərslərin yüksək səviyyədə tədrisinə, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Əmin edirik ki, kollektivimiz göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçi kadrların yetişdirilməsi üçün səylə çalışacaq, yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov musiqi məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi vardır. Bunlardan 22-si müasir şəraiti olan yeni binalarla təmin olunub. Hazırda muxtar respublikanın musiqi məktəblərində 4700-dən artıq şagird təhsil alır. Bu musiqi məktəbi də 1983-cü ildən fəaliyyət göstərir. Ötən dövrdə məktəbin nailiyyətləri olub, nəfəsli alətlər və uşaq yallı ansamblları muxtar respublikanın bir çox tədbirlərində iştirak edib. Məktəbdə 8 ixtisas tədris olunur və hər ixtisas üzrə müəllimlər formalaşıb. Bu da imkan verir ki, məktəbdə təhsil alan gənclərimiz milli musiqimizi yaşada bilsinlər.
Ali Məclisin Sədri deyib: Məktəbdə milli musiqi ilə yanaşı, dünyəvi musiqi də öyrədilməlidir. Ona görə də məktəbdə yeni ixtisasların açılmasına, Avropa musiqi alətlərinin tədrisinə diqqət yetirilməlidir. Bu gün muxtar respublikamızda bir sıra orkestrlər və ansambllar fəaliyyət göstərir. Həmin musiqi kollektivlərinin repertuarlarında milli musiqimizlə bərabər, dünya musiqi nümunələri də vardır. Musiqi təhsili gərək pilləli olsun, musiqi məktəblərində oxuyan gənclər daha sonra orta ixtisas və ali təhsil alsınlar. Muxtar respubikada hər üç təhsil pilləsi üzrə imkanlar vardır. Uşaq musiqi məktəbləri, Musiqi Kolleci və Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsi fəaliyyət göstərir. Ötən il Ali Məclis Sədrinin Sərəncamı ilə musiqi kolleci Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib. Artıq təhsil ardıcıllığı təmin olunmuşdur. Kolleci yaxşı qiymətlərlə başa vurmuş tələbələr imtahansız İncəsənət fakültəsinə qəbul olunurlar. Qarşıda duran əsas vəzifə uşaq musiqi məktəblərində tədrisin səviyyəsini yüksəltmək və musiqi təhsili sahəsində ardıcıllığı təmin etməkdir.
“Musiqi duyumu istedad tələb edir. Hər yaxşı oxuyan musiqiçi ola bilməz”, - deyən Ali Məclisin Sədri bildirib ki, musiqi duyumu olan gənclər seçilməli, onlarla xüsusi məşğul olunmalı, müəllimlər vəzifələrini layiqincə yerinə yetirməlidirlər.
Ali Məclisin Sədri kollektivə faəliyyətlərində uğurlar arzulayıb.
Bina fərdi istilik sistemi ilə təchiz edilib, ətraf abadlaşdırılıb.