Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci, 1.1.3-cü, 1.1.27-ci, 1.1.33-cü, 1.1.37-ci, 7.3-cü, 9.2–9.5-ci, 10.5-ci (hər iki halda), 11.1.6-cı, 11.3-cü, 12.1-ci, 12.3-cü, 13.1-ci, 13.2-ci maddələrində, 13.6-cı maddəsinin birinci cümləsində, 15.1-ci, 15.2-ci, 15.4-cü, 16.3-cü, 16.6-cı, 16.7-ci, 17.1-ci maddələrində, 17.3-cü və 17.4-cü maddələrinin ikinci cümlələrində, 17.6-cı, 18.1-ci maddələrində, 19.2-ci maddəsinin birinci abzasının və 19.3-cü maddəsinin birinci cümlələrində, 19.5-ci maddəsində, 21.4-cü maddəsinin ikinci cümləsində, 22.7-ci (hər iki halda) və 22.8-ci maddələrinin birinci abzaslarında, 22.11-ci, 25.1-ci (hər iki halda) və 25.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 7.3-cü, 9.5-ci, 10.5-ci (ikinci halda), 11.1.6-cı, 11.3-cü, 12.3-cü, 13.2-ci maddələrində, 21.4-cü maddəsinin ikinci cümləsində və 25.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 1.1.27-ci, 1.1.33-cü, 1.1.37-ci, 9.2–9.4-cü, 10.5-ci (birinci halda), 12.1-ci, 13.1-ci maddələrində, 13.6-cı maddəsinin birinci cümləsində, 15.1-ci, 15.2-ci, 15.4-cü, 17.1-ci maddələrində, 17.3-cü və 17.4-cü maddələrinin ikinci cümlələrində, 17.6-cı, 18.1-ci maddələrində, 19.2-ci maddəsinin birinci abzasının və 19.3-cü maddəsinin birinci cümlələrində, 19.5-ci maddəsində, 22.7-ci (hər iki halda) və 22.8-ci maddələrinin birinci abzaslarında, 22.11-ci və 25.1-ci (hər iki halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 16.3-cü və 16.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur;
1.5. həmin Qanunun 1.1.3-cü maddəsində “orqan (qurum)” dedikdə kənd təsərrüfatı bitkilərinə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, meşə bitkilərinə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;
1.6. həmin Qanunun 16.7-ci maddəsində “orqan (qurum)” dedikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.7. həmin Qanunun 1.1.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. beş ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
2.1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, toxumçuluq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydasını;
2.1.2. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu halda, Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin toxumçuluq sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlara ekvivalentliyinin tanınması qaydasını;
2.1.3. həmin Qanunun 10.5-ci maddəsinə uyğun olaraq, xidmət haqlarının məbləğlərini;
2.1.4. həmin Qanunun 11.1.6-cı maddəsinə uyğun olaraq, ölkədə toxumçuluğun vəziyyətinin öyrənilməsi məqsədilə informasiya toplanılmasını, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılması qaydasını;
2.1.5. həmin Qanunun 11.3-cü maddəsinə uyğun olaraq, toxum müfəttişlərinin vəsiqələrinin təsvirini və nümunəsini;
2.1.6. həmin Qanunun 12.3-cü maddəsinə uyğun olaraq, toxumçuluq sahəsində risklərin idarə olunması qaydasını;
2.1.7. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, toxum əməliyyatçılarının Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatında qeydiyyata alınması qaydasını;
2.1.8. həmin Qanunun 21.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və ləğvi nəticəsində məhv edilən toxumlara və toxumluq əkinlərə görə çəkilən xərclərin kompensasiya məbləğini və ödənilməsi qaydasını;
2.1.9. həmin Qanunun 25.2-ci maddəsinə uyğun olaraq, toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin Nazirliyin hesabına köçürülən vəsaitin bölgüsü və ondan istifadə qaydasını;
2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
3.1. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə uyğun olaraq, toxumların istehsalı, emalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, tədarükü, saxlanması, idxalı, ixracı, utilizasiyası, zərərsizləşdirilməsi və məhv edilməsi qaydalarını;
3.1.2. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi və sertifikatlaşdırılması qaydalarını;
3.1.3. həmin Qanunun 17.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, toxumluq əkinlərin tarla nəzarətinin aparılması və tarla müfəttişlərinin fəaliyyətinin təşkili qaydalarını;
3.1.4. həmin Qanunun 22.11-ci maddəsinə uyğun olaraq, sərgilərdə nümayiş etdirilməsi, hüquqi və fiziki şəxslər tərəfindən öz əkinlərində təsərrüfat sınaqlarının aparılması məqsədilə idxal olunan toxumların miqdarını (kütləsini);
3.2. həmin Qanundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 322 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1207 (Cild I) birinci hissəsinin 2-ci bəndinə “pozulması” sözündən sonra “, ərzaq təhlükəsizliyi təminatı üzrə risklərin yaranması” sözləri əlavə edilsin.
5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132 (Cild I); 2024, № 3, maddə 257, № 4, maddə 394) 3.2-ci bəndində “bəndində” sözü “və 1.8-ci bəndlərində” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1050 (Cild I); 2024, № 6 (I kitab), maddə 654, № 12 (II kitab), maddə 1356; 2025, № 2, maddə 137, № 7, maddə 642; 2026, № 3, maddə 216, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1-ci hissə üzrə:
6.1.1. 1.2.5-ci yarımbənddə “sertifikatlı” sözü “sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş” sözləri ilə əvəz edilsin;
6.1.2. 1.2.11-ci və 1.2.16-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2.11. toxum subsidiyası – ölkədə istehsal edilərək sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxumun və tingin satışına görə verilən subsidiya;”;
“1.2.16. sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş toxum – “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatına daxil edilən sortun müvafiq keyfiyyətləri yazılı, o cümlədən elektron formada təsdiq olunmuş toxumu və tingi;”;
6.2. 3.6-cı bəndin birinci abzasında “1-ci və 2-ci reproduksiyalı” sözləri “sortluq və səpin keyfiyyətləri təsdiq olunmuş” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940 (Cild I); 2024, № 6 (I kitab), maddələr 654, 679, № 8, maddə 937, № 12 (II kitab), maddə 1359; 2026, № 3, maddə 216, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 8 iyun tarixli 679 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 3.1.3-5-ci və 3.2.3-5-ci yarımbəndlər əlavə edilsin:
“3.1.3-5. “toxum” altsistemi;”;
“3.2.3-5. “toxum” altsistemi vasitəsilə Seleksiya və toxumçuluq sahəsində informasiya ehtiyatının aparılması, toxumçuluq obyektləri və subyektləri barədə məlumatların toplanılması, təhlili və hesabatlılığının, habelə toxum əməliyyatçılarının qeydiyyatı, həmin informasiya ehtiyatından çıxarışın verilməsi və toxumun sertifikatlaşdırılmasının elektron qaydada təmin edilməsi;”;
7.2. 5-ci hissə üzrə:
7.2.1. 5.1.22-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.1.22. seleksiya nailiyyətləri və onlardan istifadə üzrə bağlanılmış müqavilələr barədə məlumatlar;”;
7.2.2. aşağıdakı məzmunda 5.1.22-1-ci yarımbənd əlavə edilsin:
“5.1.22-1. toxumçuluqda istifadə edilən bitki materialları, toxumluq əkinlər, toxum əməliyyatçıları və toxumçuluğun digər obyektləri və subyektləri, habelə toxumçuluq sahəsində həyata keçirilən fəaliyyət barədə məlumatlar;”;
7.3. 7-ci hissə üzrə:
7.3.1. 7.1.1-ci yarımbəndə aşağıdakı məzmunda 22-ci abzas əlavə edilsin:
“22. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumluq əkinlərin tarla nəzarətinin aparılması, istehsal etdiyi toxumun sertifikatlaşdırılması və toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;”;
7.3.2. 7.1.2-ci yarımbəndin 8-ci və 10-cu abzasları ləğv edilsin və həmin yarımbəndə aşağıdakı məzmunda 15-ci abzas əlavə edilsin:
“15. toxum əməliyyatçısı kimi qeydiyyata alınması, toxumların idxalı, habelə seleksiya nailiyyətlərinin qeydiyyata alınması ilə bağlı müraciət etmək;”;
7.3.3. 7.1.12-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.13-cü və 7.1.14-cü yarımbəndlər əlavə edilsin:
“7.1.13. toxum müfəttişləri:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. həyata keçirdikləri dövlət nəzarət tədbirləri üzrə məlumatları daxil etmək;
7.1.14. tarla müfəttişləri:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. müraciətləri izləmək və müraciət əsasında yerinə yetirdikləri xidmətlər üzrə məlumatları daxil etmək.”.
8. “Toxumçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 355 (Cild I) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 avqust 2026-cı il