Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir.

Fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək deyib ki, muxtar respublikada heyvandarlıq təsərrüfatlarının yaradılmasına verilən dəstək, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, baytarlıq idarələrinin maddi-texniki bazasının gücləndirilməsi və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına səbəb olub. Həyata keçirilən tədbirlərin davamı kimi Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikilib. Yaradılan şərait rayon baytar həkimlərinin üzərlərinə düşən vəzifələri daha keyfiyyətlə yerinə yetirmələrinə imkan verəcəkdir. Muxtar respublikada özəl baytarlıq müəssisələri vasitəsilə baytarlıq xidmətləri göstərilməsinə mərhələli keçidə ilkin olaraq Sədərək rayonunda başlanılıb. Artıq Naxçıvan şəhəri, Kəngərli və Ordubad rayonlarında özəl baytarlıq xidmətləri fəaliyyət göstərir. Kəngərli rayonunda aparılan tədbirlərin nəticəsidir ki, hazırda epizootik vəziyyət stabildir. Vəli Novruzov yaradılan şəraitə görə kollektiv adından  minnətdarlıq edib.

Kəngərli Rayon Baytarlıq İdarəsinin epizootik həkimi Gülnur Babayeva minnətdarlıq edərək deyib: “Əvvəllər rayonumuzda baytarlıq xidməti üçün əlverişli şərait mövcud deyildi və baytar həkimləri köhnə binalarda fəaliyyət göstərirdilər. Ali Məclis Sədrinin bu sahəyə olan diqqət və qayğısı sayəsində rayonumuzun bütün kəndlərində tikilmiş müasir standartlara cavab verən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün yer ayrılıb, mebel və avadanlıqlarla təchiz edilib. Bu gün Kəngərli Rayon Baytarlıq İdarəsi üçün yeni binanın istifadəyə verilməsi bu tədbirlərin davamı olmaqla, eyni zamanda baytar həkimləri üçün daha rahat və əlverişli iş şəraiti yaradacaqdır. Yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəyik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Kəngərli kənd təsərrüfatı rayonudur. Ona görə də burada heyvandarlıq, maldarlıq, quşçuluq və arıçılıq inkişaf edib. Sağlam  heyvandarlıq məhsullarının istehsalı üçün vaxtilə rayonda Baytarlıq İdarəsi yaradılıb. Bu gün isə yeni binası kollektivin istifadəsinə verilir. Rayonda epizootik vəziyyət sabitdir, mal-qara, heyvanlar arasında ciddi xəstəlik yoxdur. Bu  da kollektivin öz vəzifələrini layiqincə yerinə yetirməsinin nəticəsidir.

Ali Məclisin Sədri bütün bunlara görə kollektivə təşəkkürünü bildirərək deyib: Kəngərli rayonunda heyvandarlığın inkişafı, mal-qaranın sayının artırılması, cins tərkibinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülüb. Nəticədə, rayonda həm heyvanların baş sayı artır, həm də onlardan sağlam məhsul əldə olunur. Baytarlıq idarələrinin vəzifələri əhatə etdiyi ərazidə heyvanların xəstəliklərdən qorunması və müalicəsi ilə məşğul olmaq, baytarlıq-sanitariya və digər tədbirləri həyata keçirməkdən ibarətdir. Yaradılan şəraitdən səmərəli istifadə edərək Kəngərli rayonunda heyvandarlığın inkişafı sahəsində ciddi dönüşə nail olmaq lazımdır. Fəaliyyətin bu istiqamətdə qurulması ölkəmizdə ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına, eləcə də əhalinin rifahına xidmət edir.

“Epidemioloji vəziyyətin sabit olması üçün iki əsas sahə diqqətdə saxlanılmalıdır: sağlam mühit və sağlam qida. Bunlar vacib sahələrdir. Ona görə ki, əhalinin sağlamlığı bu sahələrin inkişafından asılıdır”,- deyən Ali Məclisin Sədri bildirib ki, sağlam mühit və sağlam qida olmadan insanların sağlamlığı təmin oluna bilməz. Ona görə də muxtar respublikada həm gigiyena və epidemiologiya, həm də baytarlıq təbabəti sahələrində lazımi iş şəraiti yaradılıb, avadanlıqlar və laboratoriyalar istifadəyə verilib, dövlət proqramları qəbul olunub. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində lazımi ixtisaslar açılıb və kadr hazırlığı aparılır. Bütün bunlar da imkan verəcək ki, muxtar respublikada hər iki sahə inkişaf etdirilsin və kadr potensialı yaradılsın.

Ali Məclisin Sədri kollektivin “sağlam mühit və sağlam qida” prinsipini əsas götürərək vəzifələrini layiqincə icra edəcəklərinə əminliyini bildirib və bu işlərin həyata keçirilməsində onlara uğurlar arzulayıb.

Sonra binaya baxış olub. Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Zirzəmidə dərman və boyaq maddələrinin, süni mayalanma avadanlıqlarının saxlanc otaqları, aptek, arxiv, bufet, təsərrüfat, texniki işçi, qazanxana və elektrik otaqları yerləşir. Birinci mərtəbədə bakteriologiya şöbəsi üçün 2, serologiya şöbəsi üçün 2 otaq, laboratoriya müdiri, laborant, patoloji materialın qəbulu otaqları vardır. İkinci mərtəbədə isə 7 iş otağı və sahə baytar məntəqəsi yerləşir.

Baytarlıq laboratoriyası müasir tələblərə cavab verən mikroskop, termostat, distilyator, sterilizator, dərman və biopreparatların optimal temperaturda mühafizəsi üçün soyuducu, pH metr, sentrafuqa, multisentrafuqa və digər lazımi avadanlıqlarla təmin edilib.

Binanın həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, suvarma və işıqlandırma sistemləri quraşdırılıb, heyvan cəsədlərinin məhv edilməsi üçün bekker quyusu yaradılıb.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov yaradılan şəraitə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri gigiyena-epidemiologiya və baytarlıq təbabəti sahələrində qəbul olunmuş dövlət proqramlarının ciddi şəkildə icra olunması, baytarlıq idarələrinin rayon gigiyena və epidemiologiya şöbələri ilə qarşılıqlı fəaliyyət proqramını hazırlaması, dezinfeksiya işlərinin davam etdirilməsi və maarifləndirməyə diqqətin artırılması barədə aidiyyəti üzrə tapşırıqlar verib.
 

23-02-2022 09-02-21