20 noyabr 2026-cı il tarixdə Şərur rayonunda genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiya Şərur şəhərində və kənd yaşayış məntəqələrində keçirilib. Aksiyada Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev, Baş nazirin müavini Elşad Əliyev, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Ülvi Hacızadə, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində ümumilikdə 1000 ədəd müxtəlif növ meyvə ağacı və 100 ədəd çinar tingi əkilib. Ağacəkmə aksiyasının əsas məqsədi ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, ekoloji tarazlığın qorunması, rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması və gələcək nəsillərə daha sağlam, təmiz və yaşıllıqlarla zəngin mühitin ötürülməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər rayon ərazisində yaşıllıq zolaqlarının artırılmasına, ağac fondunun zənginləşdirilməsinə və ekoloji maarifləndirmənin gücləndirilməsinə xidmət edir.