Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında meşə təsərrüfatının və tingçiliyin inkişaf etdirilməsi, meşə ehtiyatlarının dayanıqlı idarə olunması və meşəçilik sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində büdcə təşkilatı qismində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” (bundan sonra – Mərkəz) yaradılsın.
2. Müəyyən edilsin ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. iki ay müddətində:
3.1.1. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.1.2. Mərkəzin maddi-texniki təminatı ilə bağlı tədbirlər görülməsini təmin etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
4.1. Mərkəzin nizamnaməsini və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Mərkəzin fəaliyyətinin maliyyələşdirilməsini dövlət büdcəsinin vəsaiti hesabına təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2026-cı il