Xanımlar və cənablar, Hörmətli toplantı iştirakçıları,
Bu günlərdə Azərbaycan xalqı böyük tarixi şəxsiyyət, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyini qeyd edir.
Ulu Öndərin 100-cü ildönümü onun ideya və arzularının gerçəkləşdiyi, tövsiyə və vəsiyyətlərinin yerinə yetirildiyi tarixi şəraitdə keçirilir.
Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Biz də Ulu Öndərin əziz xatirəsinə öz böyük hörmət və ehtiramımızı bildirmək üçün bu gün onun adını daşıyan Sarayda toplaşmışıq.
Bugünkü toplantının iştirakçıları Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində fəaliyyət göstərən, Vətənimizin hərtərəfli inkişafına töhfələr verən insanlardır.
Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq.
Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz Ulu Öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq.
Və bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq.
Əlbəttə, Azərbaycanın qədim tarixi və zəngin dövlətçilik ənənələri, bu ənənələri yaradan və yaşadan böyük xalqı, doğma Vətənin tarixinə öz adını əbədi yazdıran qəhrəman övladları, dahi şəxsiyyətləri var.
Ancaq Ulu Öndər Heydər Əliyev onların arasında xüsusilə seçilir.
100 il əvvəl qədim Naxçıvanda sadə, zəhmətkeş bir ailədə dünyaya göz açan, uşaqlığı əyalət şəhərində keçən Heydər Əliyev iş fəaliyyətinə hələ gənc yaşlarında dövlət qulluğunda başlamışdır.
Sonralar onun nəhəng bir ölkənin rəhbərlərindən olması, dünya miqyasında şöhrət qazanaraq öz xalqını şərəfləndirməsi, onun əsil lideri kimi çox mürəkkəb və məsuliyyətli missiyanı şərəflə yerinə yetirməsi Ulu Öndərə qismət olan bənzərsiz bir taledir.
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam,” – Ulu Öndər həyat amalını belə ifadə etmiş və bu amala daim sadiq olmuşdur.
Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı olan Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik hüquqi dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır.
Tarixdə nadir bir hadisədir ki, Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmişdir.
Hər iki sistemdə Azərbaycanın iqtisadiyyatını möhkəmlətmiş, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmış, milli mənafeyini, milli mentalitetini, mədəni və mənəvi dəyərlərini qorumuşdur.
Birinci dövrdə - Sovet hakimiyyəti dövründə Ulu Öndər respublikamızı keçmiş SSRİ-də bütün sahələrdə aparıcı yerlərdən birinə çıxartmışdır.
Onun təşəbbüsü ilə sosial-iqtisadi və mədəni sahələrdə həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.
Həmin illərdə Ümummili Liderimizin xalq qarşısında ən böyük xidmətlərindən biri də onun təhsilin və elmin inkişafı, milli kadr potensialının, həmçinin Azərbaycanın müxtəlif sahələrdə ehtiyac duyduğu nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi.
Ulu Öndər, həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində bu sahələrə xüsusi diqqət yetirərək, onları dövlət səviyyəsində əsas prioritetlər kimi müəyyən etmişdir.
1970-1982-ci illərdə Azərbaycanda ali məktəblərin ümumi sayı 12-dən 17-yə çatdırılmış, çox saylı yeni ixtisaslar, fakültələr, kafedralar, elmi laboratoriyalar yaradılmışdır.
Heydər Əliyev Azərbaycanda təhsilin, xüsusilə ali təhsilin vəziyyəti ilə daim maraqlanırdı və bu barədə xeyli məlumata malik idi. Ona görə də təhsilimizin nailiyyətlərini də, problemlərini də, nöqsanlarını da yaxşı bilirdi.
Respublikamız geniş inkişaf yoluna başlamışdı və iqtisadiyyatımızın bir çox sahələrində mütəxəssislər çatışmırdı, bizim ali məktəblərimiz isə belə mütəxəssislər hazırlamırdı.
Buna görə də Heydər Əliyevin respublika rəhbəri kimi ilk gündən qarşıya qoyduğu başlıca məqsədlərdən biri də məhz təhsil sisteminin inkişafı, kadrların milliləşdirilməsi idi.
Onun gərgin əməyi və uzaqgörən siyasəti nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olundu.
Əgər 1969-cu ildə SSRİ-nin tanınmış ali məktəblərinə 50-dən az adam göndərilirdisə, 1973-cü ildə onların sayı 140-dan artıq, 1974-cü ildə 357, 1975-ci ildə 700-ə yaxın və 1976-cı ildən başlayaraq 800-900 nəfərə çatdırıldı.
80-ci illərin əvvəllərindən isə 1000-dək Azərbaycan gənci respublikadan kənarda SSRİ-nin məşhur ali təhsil müəssisələrinə təhsil almağa göndərilmişdir.
Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək cəmi 40% təşkil edirdisə, 1976-cı ildə bu rəqəm 85%-ə, 1977-ci ildə 92%-ə, 1980-ci illərin əvvəllərində isə 98%-ə yüksəldi.
Əvvəlki illərlə müqayisədə həm tələbələrin, həm ali məktəblərin və həm də ixtisasların sayı sürətlə artdı.
Ulu Öndərin yorulmaz səyləri nəticəsində 1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində 80-dən artıq sahəni əhatə edən 250-dən çox ixtisas üzrə 15 000-dək azərbaycanlı gəncin ali təhsil almasına, yüksək-ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yarandı.
Sonsuz fəxr hissi ilə deyə bilərəm ki, Ulu Öndərin xeyir-duası ilə ali təhsil almaq üçün 1974-cü ildə Moskvaya göndərilən minlərlə gənclərin – Sizlər arasında mən də olmuşdum.
O illərdə, belə nüfuzlu ali məktəblərə qəbul edilmək biz gənclər üçün böyük şərəf idi.
Bu istiqamətdə atılan addımların hansı qlobal məqsədə xidmət etdiyi barədə təsəvvürümüz olmasa da, üzərimizə düşən məsuliyyəti – Azərbaycan üçün gərəkli mütəxəssis kimi yetişməyin əhəmiyyətini dərk edir, respublika rəhbərinin xeyir-duasından daha da ruhlanırdıq.
İllər sonra Ulu Öndər özü etiraf edirdi ki, bu uzaqgörən strategiyanın məqsədi bir çox ixtisaslar üzrə milli kadrların hazırlanması ilə yanaşı, həm də Azərbaycan gənclərinin dünya görüşlərinin genişləndirilməsi idi.
Ulu Öndər, eyni zamanda, Azərbaycanın ali təhsil sistemində ədalətin təmin olunması üçün də təxirəsalınmaz tədbirlər gördü.
Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc valideynlərinin kimliyindən, ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin.
Ulu Öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərirdi.
Hər il avqust ayının axırlarında Vətəndən kənarda təhsil alacaq tələbə gənclərlə görüşür, öz dəyərli tövsiyələrini verirdi. 1969-cu ildən 1982-ci ilin avqust ayına qədər bir il də olmayıb ki, Ümummilli Liderimiz tələbələrlə görüş keçirməsin.
Azərbaycandan kənarda təhsil almağa göndərdiyi gəncləri öz doğma övladları adlandıran Ulu Öndər deyirdi: “Vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqlar. Vaxt gələcək ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəkdir”. Və təbii ki, elə də oldu.
Şübhəsiz, Heydər Əliyevin nüfuzlu ali məktəblərdə kadr hazırlığı sahəsində apardığı siyasətin vacib istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsi idi.
Məlumdur ki, hələ 1972-ci ildən etibarən Ulu Öndər hər il yüzlərlə azərbaycanlı gənci SSRİ-nin böyük təcrübəyə malik ali hərbi təhsil məktəblərinə oxumağa göndərmişdir. O illərdə məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə, böyük çətinliklərlə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır.
Amma bu təşəbbüslər irəli sürüləndə, milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin bir payız günündə yüngül silahlarla Şuşanın sıldırım qayalarını aşan Azərbaycan ordusuna məhz Heydər Əliyevin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək.
Və bu kadrlar onun layiqli varisi, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə xalqımızın Qarabağ və Şuşa həsrətinə son qoyacaq.
Eyni zamanda müstəqilliyimizin ilk illərini hamımız yaxşı xatırlayırıq. Ölkəmiz separatizm, dövlət çevrilişləri, çoxsaylı böhranlar və xaosla qarşılaşmışdı.
Azərbaycan sözün əsil mənasında məhv olmaq, parçalanmaq ərəfəsindəydi.
1993-cü ildə xalqın təkidi və özünü çıxılmaz vəziyyətə salmış iqtidarın xahişi ilə Heydər Əliyev Vətəni və xalqı naminə, müstəqilliyimizin qorunması naminə Naxçıvandan Bakıya gəlib ölkəyə rəhbərliyi öz üzərinə götürməyə razılıq verdi, müstəqil dövlətimizi qurmağa, onun hərtərəfli tərəqqisi üçün təməl qoymağa başladı.
Qismətinə Ulu Öndərimizi Bakı aeroportunda qarşılamaq düşmüş bir insan kimi, o dövrün hadisələri yaxşı xatirimdədir. O zaman hər birimiz Heydər Əliyevin gəlişinin böyük qurtuluşun başlanğıcı olduğuna tam əmin idik.
Tezliklə müharibənin gedişində dönüş yarandı. Azərbaycan ordusu Horadiz əməliyyatını keçirərək düşmənə ağır zərbələr endirdi və, bununla, atəşkəs müqaviləsinin imzalanmasına şərait yarandı.
Ulu Öndər xalqla iqtidarı birləşdirərək, cəmiyyətdə birliyi və yekdilliyi təmin etdi.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın düşdüyü ağır iqtisadi böhrandan tezliklə çıxmağın yeganə yolunu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməkdə görürdü.
Məhz Heydər Əliyevin yeni neft strategiyası və uğurla həyata keçirilən iqtisadi islahatlar ölkəmizin sosial-iqtisadi inkişafı üçün münbit zəmin yaratdı.
Azərbaycanın müstəqillik illərinin sosial-iqtisadi tərəqqisinin kökündə də vaxtilə Heydər Əliyevin nüfuzlu ali məktəblərdə oxumağa göndərdiyi mütəxəssislərin yüksək təhsili, peşəkarlığı və məsuliyyəti dayanırdı.
Müstəqil dövlət quruculuğu dövründə də Ulu Öndər təhsil siyasətini zamanın çagırışlarına uyğun qurub, təhsil sisteminin inkişafına və müasirləşməsinə, gənclərin elm və biliklərə dərindən yiyələnməsinə dövlət dəstəyinin daim artırılmasına xüsusi diqqət yetirirdi.
Xanımlar və cənablar, Hörmətli toplantı iştirakçıları,
“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyev istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində təhsil siyasətini ən əsas prioritetlərdən biri kimi dəyərləndirirdi.
Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib.
Məhz bunun nəticəsidir ki, bir vaxtlar təhsil almağı arzuladığımız xarici dövlətlərin ali təhsil ocaqları bu gün müstəqil Azərbaycan Respublikasında öz filiallarını açırlar və fəaliyyətlərini burada genişləndirməyə can atırlar, bizim universitetlərimiz ilə ikili diplom proqramları həyata keçirmək üçün Azərbaycan tərəfinə müraciət edirlər.
Heydər Əliyevin azərbaycanlı gənclərin təhsil almaq üçün ölkədən kənardakı nüfuzlu ali məktəblərə göndərilməsi ənənəsinə sadiq qalan Prezident İlham Əliyev bu gün “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasını uğurla həyata keçirir.
Bu strategiyanın icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təmin olunur.
2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilmiş və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir.
Prezident İlham Əliyev 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.
Xanımlar və cənablar, Hörmətli toplantı iştirakçıları,
Heydər Əliyevin dahiliyi, böyüklüyü hələ özünün sağlığında bir çox dövlət başçıları, dövlət xadimləri, müdrik insanlar tərəfindən etiraf olunmuşdur.
Onu fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan təkrarolunmaz lider hesab edirdilər. Görkəmli siyasi və dövlət xadimləri, diplomatlar, tanınmış insanlar Heydər Əliyevə böyük hörmət və ehtiram göstərirdilər.
Bunu mən 6 il ərzində Ulu Öndərin yanında çalışmaq, onun köməkçisi olmaq, əksər görüşlərində və qəbullarında iştirak etmək, xarici səfərlərdə onu müşayiət etmək şərəfinə və xoşbəxtliyinə nail olan bir insan kimi tam səmimiyyətimlə deyirəm.
Heydər Əliyevin yanında işləmək çox böyük məsuliyyət tələb edirdi. Eyni zamanda, həm də çox qürurverici idi. Onunla işləyən, ünsiyyətdə olan hər kəs ondan çox şey öyrənib.
Həm Ali məktəbdə müəllim, həm Milli Məclisin deputatı, həm də Heydər Əliyevin köməkçisi işlədiyim dövrdə Ulu Öndər mənim müəllimim olub, ondan çox şey öyrənmişəm – həm peşəkar fəaliyyətimdə, həm şəxsi həyatda Heydər Əliyevi hər zaman özümün ən böyük müəllimi hesab etmişəm.
Ulu Öndərin məşhur kəlamına əsaslanaraq bu gün demək istəyirəm ki, mən hər zaman fəxr etmişəm və hər zaman fəxr edəcəm ki, Heydər Əliyevin köməkçisi olmuşam, Heydər Əliyev məktəbini keçmişəm.
Heydər Əliyevin heç kəslə müqayisə edilməz güclü məntiqi və dəmir iradəsi var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz qalırdı.
Eyni zamanda, qəbul etdiyi insanlarla çox mehriban ünsiyyət yaradırdı, sadə və səmimi idi, tərəf-müqabilinin problemlərinə çox böyük həssaslıq, diqqət və qayğı ilə yanaşırdı.
Heydər Əliyevin dahi, görkəmli dövlət xadimi, təcrübəli siyasətçi və böyük şəxsiyyət olmasından saatlarla danışmaq olar.
Əminəm ki, bu gün bu salonda oturan hər bir kəsin Ulu Öndərlə bağlı deyiləsi çox sözü və əziz xatirələri var.
Xanımlar və cənablar, Hörmətli toplantı iştirakçıları,
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən Ulu Öndər öz xalqını hədsiz dərəcədə sevir, bütün həyat və fəaliyyətini doğma Vətənə, xalqın xoşbəxtliyinə həsr edib.
Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz yeri və rolu var.
Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyev abidəsi ucaldılıb. Və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq.
Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birləşmiş xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək və zənginləşdirərək Azərbaycanı dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqları azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir.
Cənab Prezident xalqın və Ulu Öndərin müqəddəs arzusunu 20 il ərzində qətiyyətlə, ardıcıllıqla həyata keçirdiyi hərtərəfli tərəqqi və sürətli inkişaf strategiyası, mükəmməl sosial-iqtisadi islahatlar və müasir ordu quruculuğu sayəsində reallaşdırdı.
Dövlət başçımız möhtəşəm Zəfərin memarı və müəllifi kimi adını əbədi olaraq Azərbaycanın indiki və gələcək nəsillərinin yaddaşına, qızıl hərflərlə Vətən tarixinə yazdırdı.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşı əmin olmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha uca zirvələr fəth edəcək.
Diqqətinizə görə sağ olun.