Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti fevral ayı ərzində müəyyən qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 1 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında pedaqoji fəaliyyətlə məşğul olmağa yol verilməyən xəstəliklərin Siyahısı”nda dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən xüsusi təhsil müəssisələri ilə yanaşı uşaq musiqi və incəsənət məktəblərində də binokulyar korluq və binokulyar ağır görmə pozuntusu olanlar pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilmiş dəyişikliyə uyğun olaraq 1 fevral 2022-ci il tarixindən etibarən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə idxal olunan 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi olan avtomobil benzininə tətbiq olunan gömrük rüsumunun tarif dərəcəsi15 %-dən sıfıra endirilmişdir.
Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 9 fevral tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirilən aksizli malların aksizdərəcələri”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq oktan ədədi 95-dən az olan mühərrik benzinləri üçün (aviasiya benzinləri istisna olmaqla) aksiz vergisi 1 tona görə 200 manatdan 1 manata endirilmişdir.
Nazirlər Kabinetinin 2022-ci il 17 fevral tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasında 2022-ci il 1 yanvar vəziyyətinə torpaqların növləri, mülkiyyətçiləri və istifadəçiləri üzrə torpaq balansı təsdiq olunmuşdur.
Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 24 fevral tarixli Qərarı ilə “Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Müvafiq dəyişikliyə görə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsin tibbi profilaktik tədbirləri həyata keçirən işçilərinə, pasiyentlərə stasionar tibbi ximət göstərən və bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, həmçinin Səhiyyə Nazirliyinin təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin tibb işçilərinə və koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən digər səhiyyə müəssisələrinin tibb işçilərininin əməkhaqqlarına ödənilən əlavənin müddəti martın ayının 1-dək uzadılmışdır.
Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli Qərarı ilə “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nda dəyişiklik edilərək Fonda taxılın tədarük edilməsi, saxlanması və yeniləşdirilməsi səlahiyyətləri dövlət sifarişçisi kimi Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları Agentliyinə həvalə edilmiş və fonddan taxılın istifadəsi üçün qərar qəbul edilməsi məqsədilə təklif verən qurumların sırasına Dövlət Ehtiyatları Agentliyi də daxil edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.