“Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilib

Mayın 6-da Gülüstan sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərin ölkəmizin tarixinə yüksəliş dövrü kimi yazıldığını bildirdi.

Vurğulandı ki, bu dövr ərzində Ulu Öndər respublikanı böyük təhlükə və çətinliklərdən qurtararaq sabit inkişaf yoluna çıxardı.

Diqqətə çatdırıldı ki, məhz Heydər Əliyevin qətiyyəti və yorulmaz səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, iqtisadi inkişafın əsası qoyuldu, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu və genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilərək bütün sahələr üzrə dinamik inkişaf təmin edildi.

Bildirildi ki, bu gün Heydər Əliyevin ideya və əməllərini uğurla davam etdirən Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli yanaşması və ardıcıl islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli ölkəyə, regionda və dünyada öz mövqelərini inamla möhkəmləndirən nüfuzlu dövlətə çevirib.

Daha sonra Hökumət üzvləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı danışdılar.

Ulu Öndərin təşəbbüsü ilə ölkədə sosial-iqtisadi, aqrar və digər sahələrdə aparılmış əsaslı islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsasının qoyulduğu diqqətə çatdırıldı.

Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən Azərbaycana lazım idim” adlı film nümayiş etdirildi.

 

08-05-2023 17-05-56