Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
Görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” reqatasında iştirakı yüksək qiymətləndirildi.
Turninin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulandı, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırıldı.
Eyni zamanda Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.