İnsanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadan Novruz bayramının hər il Naxçıvan Muxtar Respublikasında quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Artıq iki ildir ki, milli birliyimizin təcəssümü olan Novruz bayramı həm də Zəfər ovqatı ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.
Martın 19-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edib.
Milli geyimli qız Ali Məclisin Sədrinə səməni təqdim edib.
El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək deyib: “Bu gün Oğuz yurduna Novruz gəlir. El-oba tonqal başına yığışır, köhnə ildən arınaraq yeni ilə qədəm qoyur. Ulu Novruz, qədəmlərin sayalı olsun! Ey ulu xalqım! Ötən ildən bu bayramı qəhrəmanlıq tariximizdə qızıl hərflərlə əbədi qalacaq parlaq qələbə ilə qeyd edirik! Əbədi olsun! Xalqımın igid, mərd övladları yumruq kimi birləşərək əzəli torpaqlarımıza uzanan xain əlləri kəsdi, yurdumuzu yağılardan təmizlədi. Bu şanlı zəfərimiz yurdumuza əbədi bahar gətirdi! Dəmir yumruqlu sərkərdə Şuşada, Cıdır düzündə bayram tonqalı qaladı! Yanar olsun! Ötən il böyük uğurlarla yadda qaldı: qədim diyarımızda əmin-amanlıq qorundu, abadlıq, quruculuq geniş vüsət aldı, uğur üstünə uğur qalandı. Xeyirli olsun! Ey Naxçıvanım! Hünərvər oğul və qızların abad olmuş ulus-oymaqda toy-büsat qurur, bugünkü xoş növrağınla fəxr edirlər. Oğuz yurdu Naxçıvanımızın qarlı dağları ucalar olsun, kölgəli ağacları yaşar olsun! Ağ köpüklü suların axar olsun! Novruz bayramı xalqımıza ruzi-bərəkət gətirsin. Bu il də bayram taxt-taclı Naxçıvan diyarı misilsiz nailiyyətlər qazansın! Uğur olsun! Bu əziz gündə qədim diyarımızın dünənini və bu gününü göz önünə gətirib deyirik: xalq üçün yaradanları, xalq özü yaşadacaqdır! Yaşar olsun! Novruz Bayramınız mübarək olsun!”
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək deyib: "Novruz Azərbaycan xalqının milli dəyərlərini özündə yaşadan qədim mədəniyyət bayramıdır. Xalqımız tarixin ağır sınaqlarında dilini, dinini, adət-ənənələrini qoruduğu kimi, Novruz bayramını da qoruyub saxlayıb. Novruzun milli bayram kimi dövlət səviyyəsində qeyd olunması isə ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu milli soykökə və dəyərlərə qayıdış siyasətinin nəticəsidir. Dahi şəxsiyyət deyirdi ki, “Novruz bizim ümumdövlət, ümummilli, ümumxalq bayramımızdır. Bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir, xalqımızda daha möhkəm birlik yaradır”.
Ali Məclisin Sədri deyib: “Bu gün Novruz bayramı Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq, birlik, sabitlik və firavanlıq şəraitində, ən əsası isə böyük Qələbə sevinci ilə qeyd olunur. Bunun bir səbəbi var: o da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən Heydər Əliyev yolu, xalqımızın bu yola olan dərin sədaqəti və birliyidir. Ulu öndərin yolunun davam etdirilməsi nəticəsində muxtar respublikada da 2021-ci il inkişaf və quruculuq dövrü kimi tarixə düşüb, ümumi daxili məhsul istehsalı 3 milyard manatdan artıq olub. Bu dövrdə iqtisadi göstəricilər artım dinamikası ilə qeydə alınıb, sənaye məhsulu 1,7, əsas kapitala yönəldilən vəsaitlər 2, kənd təsərrüfatı məhsulu 5,3, informasiya və rabitə xidmətləri 6,9 və pərakəndə əmtəə dövriyyəsi 2,1 faiz artıb. Özəl bölmənin inkişafı da diqqətdə saxlanılıb, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 142 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb. Muxtar respublikada tikinti quruculuq işləri də davam etdirilib, 355 müxtəlif təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bütün bu uğurlara insan əməyi, zəhməti olmadan nail olmaq mümkün deyil. Muxtar respublikamızın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürümü bildirəm. Əminik ki, iqtisadi imkanlar muxtar respublikada bundan sonra da inkişaf dinamikasını qoruyub saxlayacaqdır. Bayramın yeniləşdirici ab-havasına uyğun olaraq abadlıq-quruculuq işləri 2022-ci ildə də davam etdiriləcək, iqtisadiyyatın bütün sahələrində inkişaf təmin olunacaq, sabitlik daha da möhkəmləndiriləcəkdir”.
Ali Məclisin Sədri Novruz bayramı münasibətilə şəhid ailələrini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, veteranları, bütün muxtar respublika əhalisini təbrik edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq muxtar respublikada xalq yaradıcılığının öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması istiqamətində mühüm işlər görülüb. Novruz bayramında “Xalq yaradıcılığı günləri”nin keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Builki Novruz bayramında da musiqi kollektivlərinin iştirakı, Novruz adətlərimizin və milli dəyərlərimizin nümayişi böyük marağa səbəb olub.
Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupunun ifasında “Birlik” rəqsi təqdim edilib.
Aşıq sənətinin qədim tarixi vardır. Xalqımızın musiqi mədəniyyətinin qədimliyindən xəbər verən aşıq poeziyası zəngin şifahi xalq ədəbiyyatına əsaslanır. Vətənpərvərlik duyğularının, torpaq, yurd sevgisinin yüksək poetik tərənnümü olan bu sənətə Naxçıvanda da xüsusi qayğı ilə yanaşılır, aşıq yaradıcılığının inkişafına ciddi diqqət yetirilir. Bu Bayram şənliyində Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri “Bəhri-divani” saz havası üzərində bayram təbriklərini çatdırıb, tədbir iştirakçılarına xoş anlar yaşadıblar.
Ali Məclisin Sədri Aşıqlar Birliyinin üzvləri ilə şəkil çəkdirib.
Culfa rayon Bənəniyar kənd sakini Həsənalı Əsgərov minnətdarlıq edərək deyib: “Sabitlik şəraitində yaşamaq, işləmək ən böyük xoşbəxtlikdir. Həm də biz ona görə xoşbəxtik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdi. Novruz bayramını Qələbə ovqatı ilə qeyd edirik”.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfiqar Mahmudov Xalq artisti Əlibaba Məmmədovun “Min yaşasın” mahnısını ifa edib.
Tulum və digər nəfəsli milli musiqi alətlərində xalq mahnılarının ifası tədbir iştirakçılarında xoş ovqat yaradıb.
Ali Məclisin Sədri “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının, “Naxçıvan Məhsulları” publik hüquqi şəxsin, “Ləzzət Qida Sənaye” Мəhdud Məsuliyyətli Cəmiyyətinin, Babək "Sirab" Açıq Səhmdar Cəmiyyətinin, “Badamlı Mineral Sular” Мəhdud Məsuliyyətli Cəmiyyətinin stendlərinə baxıb.
Xalqımızın mədəni sərvətləri sırasında özünəməxsus yer tutan yallı rəqsi özündə əcdadlarımızın həyat tərzini, bədii-estetik zövqünü əks etdirir. Mərdlik və mübarizlik, vətənpərvərlik və həmrəyliyin mükəmməl bədii ifadəsi olan yallıların tarixi bəşəriyyətin yarandığı dövrdən başlayır. Naxçıvandakı qədim yaşayış məskənlərində, xüsusilə Gəmiqaya abidəsindəki daş salnamələrdə əks olunan yallı elementləri bunu bir daha təsdiq edir. Ali Məclis Sədrinin tapşırığına əsasən yallı sənətinin UNESCO səviyyəsində qorunması ilə bağlı tədbirlər görülüb, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Şənlikdə Naxçıvan Musiqi Kollecinin rəqs qrupunun təqdim etdiyi yallı rəqsi birlik və həmrəyliyin daha bir təcəssümünə çevrilib.
Bayram şənliyində Təhsil Nazirliyi tərəfindən innovativ dərnəklərin təqdimatı olub. Ali Məclisin Sədri məktəblilərin hazırladığı dulusçuluq, xalçaçılıq, toxuculuq və bədii tikmə, ağac üzərində oyma, mis üzərində döymə, duz və dəri üzərində işləmə, ebru sənəti və bijuteriyadan ibarət əl işlərinə baxıb.
Naxçıvan Dövlət Filarmoniyasının xor kollektivinin ifasında xalq mahnısı səsləndirilib.
Teatr sənəti hər bir xalqın mədəni inkişafının göstəricisidir. Naxçıvanda teatr sənətinin tarixi qədim dövrlərə gedib çıxır. Xalq oyunları, meydan və qaravəlli, xüsusilə “Novruz” tamaşaları, bayram məzhəkələri teatr sənətinin ilk nümunələri olmaqla yanaşı, həm də xalqımızın yaradıcılıq təxəyyülünün imkanlarını və folklorumuzun zənginliyini göstərir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivinin ifasında tamaşaçılara təqdim edilən “Saçları səməni oğlan” Novruz kompozisiyası alqışlarla qarşılanıb.
Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzinə aid stenddə kilim, palaz, əl ilə toxuma işləri, nağıl qəhrəmanlarına, eləcə də Azərbaycan xalqına və müxtəlif xalqlara məxsus milli geyimlər, Naxçıvan mədəniyyətinə aid abidələrin maketləri və müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət, heykəltəraşlıq və zərgərlik, həmçinin Naxçıvan milli mətbəxinə aid nümunələr, daş və şüşə üzərində oyma işləri sərgilənib. Universitetdə təhsil alan xarici tələbələr milli dəyərlərimiz, adət-ənənələrimizlə tanış olur, milli musiqilərimiz və rəqslərimizi öyrənirlər. Universitetinin xarici tələblərindən ibarət rəqs qrupunun ifasında “Gülüm hey” və yallı rəqslərindən ibarət kompozisiya, “Sarı gəlin” mahnısının təqdimatı xoş təəssürat yaradıb.
Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin xarici tələblərindən ibarət rəqs qrupu ilə şəkil çəkdirib.
Naxçıvan Musiqi Kollecinin “Sazçalanlar” ansamblı “Ayaq Şəşəngi” aşıq havasını ifa ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumlar tərəfindən hazırlanan əl işləri də sərgilənirdi. Məhkumların ictimai faydalı əməyə cəlb olunması onların islah olunması və cəmiyyətə faydalı vətəndaş kimi qayıtmasında mühüm rol oynayır. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin istehsalat sahəsində hazırlanan əl işləri hər il muxtar respublikada keçirilən müxtəlif sərgilərdə, festival, yarmarka və el şənliklərində nümayiş olunur, satışı təşkil edilir. Builki Novruz şənliyində də məhkumların daşduz, ağac üzərində oyma üsulu ilə hazırlanmış sənət əsərləri, toxuma və tikmələr, cəzaçəkmə müəssisəsinin ərazisindəki istixanalarda yetişdirilən məhsullar nümayiş olunurdu.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin dekorativ-tətbiqi sənət nümunələrinə baxıb, “Var gülüşündə” və “Yaşa mənim xalqım” mahnıları tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan xüsusi istedada malik qadınların əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə qadınların Naxçıvan daşlarından hazırladıqları bəzək əşyaları, qolbaqlar, daş tozundan hazırlanan dekorativ işlər, muncuqla işlənmiş tablo, şüşə üzərində döymə, qədim döyüş aləti, milli geyimlər, tikmə, toxuma, dekorativ-tətbiqi sənət nümunələri, taxta üzərində yandırmalar, suvenirlər, bayram şirniyyatları, eləcə də istehsal etdikləri müxtəlif məhsullar maraqla qarşılanıb.
Ailə əməyinə üstünlük vermək, təsərrüfat işlərinə başlamaq, məhsul istehsal etmək də Novruz bayramının mahiyyətində duran əsas amillərdəndir. Bayram tədbirinə ailə təsərrüfatları tərəfindən çıxarılan məhsullar, xüsusi zövqlə qablaşdırılmış milli şirniyyat və mətbəx nümunələri böyük marağa səbəb olub.
Ailə təsərrüfatçılarından Yaqut Babayeva və Anar Əzizov yaradılan şəraitə və dəstəyə görə minnətdarlıq edib, bayram təbriklərini çatdırıblar.
Naxçıvan Dövlət Filarmoniyasının rəqs qrupu Yallı rəqsini təqdim edib.
Minlərlə şəhər sakininin və turistin iştirak etdiyi şənlikdə muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən ictimai-iaşə xidməti göstərilib.
Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilib.