Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 1 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” və ”Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunlaşdırılmışdır.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” Qərarı “Naxçıvan Dəmir Yolları” MMC-nin müraciətinə əsasən ləğv edilmişdir.
Eyni zamanda Nazirlər Kabinetinin 2023-cü il 3 may tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında 2022-ci ildə podratçı təşkilatlar tərəfindən icra edilmiş lakin dəyəri ödənilməmiş tikinti-quraşdırma işlərinin, avadanlıq, mal-material və xidmətlərin dəyərinin ödənilməsi üçün müvafiq arayışın hazırlanıb təqdim edilməsi məqsədilə Komissiya yaradılmışdır.
Nazirlər Kabinetinin eyni tarixli digər bir qərarları ilə “Naxçıvan Lift Xidməti” publik hüquqi şəxsinin Nizamnaməsinin və ştat cədvəlinin təsdiq edilməsi haqqında” və “Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qərarları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq sərəncamlarına əsasən ləğv edilmişdir.
“Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 iyun tarixli 58 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2023-cü il 3 may tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin,Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin,Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin ştat cədvəlləri ləğv edilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 4 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının təhsil, tibb və bəzi sosialyönlü ictimai müəssisələri üçün qida normalarının təsdiq edilməsi haqqında” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ahıllar evində, Əlillərin Bərpa Mərkəzində və Uşaq Bərpa Mərkəzində bir nəfərə gün ərzində düşən ərzaq normaları yeni redaksiyada təsdiq edilmişdir.
Nazirlər Kabinetinin eyni tarixli Qərarı ilə “Qapalı və sosialyönlü dövlət müəssisələri üçün dövlət büdcəsinin vəsaiti hesabına alınan ərzaq məhsullarının qiymətlərinin təsdiq edilməsi barədə” Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə görə taxıl, un məhsulları və paxlalılar, meyvə və tərəvəzlər, süd və süd məhsulları, yağlar, ət və balıq məhsulları,qənnadı məmulatları, ədviyyatlar və digər ərzaq məhsullarının qiymətləri yeni redaksiyada verilmişdir.
Nazirlər Kabinetinin 2023-cü il 15 may tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunmuşdur.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Bir sıra publik hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş,”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın aparılması barədə” qərarı ləğv edilmişdir.