Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti mart ayının son 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 16 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” və Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında”qərarlarında dəyişiklik edilmişdir.
Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların “Akademik” və “Milli” statuslarına təqdim olunması Qaydası” təsdiq edilmişdir.
Həmçinin, Nazirlər Kabinetinin 2022-ci il 28 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilmişdir.
Nazirlər Kabinetinin 2022-ci il 29 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət müəssisə və təşkilatların habelə tam özəlləşdirilməmiş səhmdar cəmiyyətlərinvə nizamnamə fondunda dövlətin payı olan hüquqi şəxslərin balansında olan limitdən və tələbatdan artıq nəqliyyat vasitələrinin, o cümlədən normativ-istismar müddəti bitmiş, tam aşınmış, silinməli olan nəqliyyat vasitələrinin satışının təşkil edilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən nəqliyyat vasitələrinin satışı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən komissiyanın müəyyən etdiyi start satış qiyməti əsasında Naxçıvan Muxtar Respublikasının Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən hərrac vasitəsilə həyata keçirilir. Təşkilatların balansında olan nəqliyyat vasitələrinin normativ-istismar müddətinin bitməsi, tam aşınması, silinməsi, habelə onların qiymətləndirilməsi həmin təşkilatlar tərəfindən təqdim edilmiş sənədlər əsasında qanunvericiliyə uyğun olaraq komissiya tərəfindən müəyyən edilir.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında taksi minik avtomobilləri ilə sərnişindaşıma xidmətlərinin tarifləri” təsdiq olunmuşdur.
Nazirlər Kabinetinin 2022-ci il 30 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” Qərar qəbul edilmişdir.
Eyni zamanda,Nazirlər Kabinetinin 2022-ci il 30 mart tarixli Qərarı ilə“Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili-intizam Qaydaları”nın təsdiq edilməsi haqqında” və “Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nın və Naxçıvan Muxtar Respublikasında dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.