Nəbatat bağı ziyarət olunub

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşları AMEA Naxçıvan Bölməsinin Nəbatat bağını ziyarət ediblər. Əməkdaşlara məlumat verilib ki, Nəbatat bağı 2003-cü ildə yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun göstərişi ilə bağ muxtar respublikanın ziyarət olunan muzeyləri siyahısına daxil edilib. Nəbatat  bağının təcrübə sahəsi 13,2 hektardır. Burada dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından toplanılan ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik 200-dən çox ağac, kol, meyvə, giləmeyvə, üzüm sortları, dekorativ bitkilər, tropik və subtropik bitki nümunələri, dərman və digər bitkilər əkilərək tədqiq edilir. Həmçinin Qafqaz, Aralıq dənizi, Cənub-Şərqi Asiya, Şimali Amerika mənşəli bitkilər əkilərək introduksiya olunur. Burada yerli və kənardan gəlmə bitki növləri becərilir, öyrənilir, dekorativ, ekzotik, qeyri adi bitkilər nümayiş etdirilir, qruplar arasında olan qohumluq əlaqələri tədqiq olunur. Bundan başqa bitkilərin taksonomiyasının faydalı xüsusiyyətlərinin öyrənilməsi, elmi-tədqiqat və mədəni-maarif işlərinin aparılması, həmçinin herbari materiallarının toplanılması Nəbatat bağının əsas fəaliyyət istiqamətlərindən biridir. Nəbatat bağı bir yaşıllıq məbədi, mədəni-maarif ocağı, canlı yaşıl muzey olmaqla bərabər, həm də nadir və faydalı bitkilərin genofondunun qorunub saxlanılması və mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
 

04-05-2022 09-05-55