Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
Baş nazir iclasda çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ayın sonunda Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakının əhəmiyyətini qeyd edib.
Ə.Əsədov deyib ki, Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.
Vurğulanıb ki, iqtisadi-ticari əlaqələr qarşılıqlı münasibətlərin əsas vektorudur.
“Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə əmtəə dövriyyəsi 31 faiz artaraq 4,7 milyard dollar təşkil edib. Azərbaycanın xarici ticarət dövriyyəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 faizə bərabər olub”, - deyə Baş nazir diqqətə çatdırıb.
Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə investisiya sahəsində əməkdaşlığın müsbət dinamikasını qeyd edən Ə.Əsədov iclas iştirakçılarını ölkəmizdəki əlverişli investisiya mühiti barədə məlumatlandırıb.
“Biz xarici sərmayədarların Azərbaycanda özünü rahat hiss etməsi üçün hər cür şərait yaratmışıq”, - deyə Baş nazir əlavə edib.
Nəqliyyat sahəsində tərəfdaşlığa toxunan Ə.Əsədov qeyd edib ki, qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib.
“Bu fonda dövlətlərimizin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artır. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. “2022-ci ilin yekunlarına görə, artım 75 faiz təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 faiz artıb”, - deyə Baş nazir diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir.
Baş nazir Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının üzvlərinin diqqətini Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı üzrə gördüyü işlərə çəkərək, bildirib ki, ölkədə son 20 ildə minlərlə kilometr uzunluğunda avtomobil və dəmir yolları tikilib və ya əsaslı təmir olunub.
Ə.Əsədov deyib: “Bu gün biz Şimal nəqliyyat şəbəkəsini Cənub və Şərq şəbəkələri ilə birləşdirərək, azad olunmuş Qarabağda avtomobil və dəmir yollarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına sərmayə yatırırıq”.
Qeyd olunub ki, Azərbaycan ərazisində - Laçında artıq 2025-ci ildə istismara veriləcək 9-cu beynəlxalq hava limanının tikintisi yüksək sürətlə gedir, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının artırılması üzrə işlər davam etdirilir.
“Bütün bu tədbirlər yükdaşımaların artan həcminin öhdəsindən gəlmək və beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz işini təmin etmək məqsədilə Azərbaycanın tranzit potensialını əhəmiyyətli şəkildə artırmağa imkan verəcək”, - deyə Ə.Əsədov vurğulayıb.
Baş nazir bildirib ki, Avrasiya İqtisadi Birliyinin tərəfdaş üzvləri ilə ikitərəfli formatda dövlətlərarası münasibətlərin geniş gündəliyi nəzərə alınmaqla, Azərbaycan bundan sonra da bütün istiqamətlər üzrə əlaqələrin artırılması üçün ciddi səylərini davam etdirəcək.