Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndi.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə, Türkiyə nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.