İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.
Müşavirəni açan Baş nazir Ə.Əsədov bildirdi ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçmiş, yağıntıların miqdarı artmış, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olmuşdur.
Qeyd edildi ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artmış, sel və daşqınlar baş vermişdir.
Təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülmüş, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunmuşdur. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilmiş, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunmuşdur.
Bildirildi ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənildi, müzakirələr aparıldı.
Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Eyni zamanda qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulandı. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edildi.