Muxtar respublikada sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin yaradılması iqtisadiyyatın və innovativ inkişafın sürətlənməsinə, rəqabətədavamlı məhsul istehsalına töhfə verəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Sənaye Məhəlləsində görülən işlərlə maraqlanıb.
Bildirilib ki, sənaye məhəlləsinin ərazisində 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunub. Sənaye məhəlləsinin idarəedici təşkilatına aid otaqların və kiçik ölçülü istehsal və xidmət bloklarının yerləşdiyi inzibati bina 895 kvadratmetr ərazini əhatə edir. İstehsal bloklarının ümumi sahəsi isə 1300 kvadratmetrdir. İlkin olaraq 2 şirniyyat, 1 balın qablaşdırılması və 1 trikotaj malları istehsalı sahələri üzrə mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən müraciət daxil olmuşdur. Gələcəkdə bu sahələrin reallaşdırılması və fəaliyyətə başlaması istiqamətində, eyni zamanda inzibati binanın istehsal bloklarında corab və digər istehsal sahələri kimi müvafiq sahibkarlıq fəaliyyətinin təmin edilməsi istiqamətində işlər aparılır.
12 blokdan ibarət birinci istehsal korpusunda ayaqqabı, avropa qapıları, bərk və yumşaq mebel olmaqla 2 mebel müəssisəsi fəaliyyət göstərir. Hər biri ayrı-ayrı sahibkara məxsus bu müəssisələrdə Türkiyə mənşəli avadanlıqlardan istifadə olunur. Korpusun digər 6 blokunda isə rayonun mövcud imkanlarına uyğun olaraq yerli resurslardan istifadə olunmaqla müvafiq sahələr üzrə sahibkarların cəlb edilməsi üzrə araşdırmalar aparılır. Hazırda daxil olan müraciətə əsasən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin qurulması istiqamətində sahibkarla birgə iş aparılır. 2 hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton tara müəssisələri fəaliyyət göstərəcəkdir.
Üçüncü korpusda isə bitki yağı istehsalı zavodunun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda müəssisədə montaj işləri aparılır. Ötən müddət ərzində bir sıra avadanlıqların yerləşdirilməsi başa çatdırılıb.
Ali Məclisin Sədri sənaye məhəlləsində əsasən yerli xammala əsaslanan müəssisələrin qurulması barədə tapşırıqlar verib.