İyulun 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib.
İclasda ölkədə yol və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, Bakı şəhərində tıxac probleminin həlli, ictimai nəqliyyatda əlçatanlığın artırılması və ictimai nəqliyyatın idarəedilməsi sisteminin optimallaşdırılması, Bakı metropoliteninin inkişaf etdirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər müzakirə olundu.
Şuranın sədri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin məruzəsi dinlənildi.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq icra olunan ölkədə nəqliyyat mobilliyinin transformasiyası və Bakı metropoliteninin potensialının qiymətləndirilməsi proqramlarının icrasına dair təqdimatlar keçirildi.
Ölkədə, xüsusilə də Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənildi, müvafiq tapşırıqlar verildi.