Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti may ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2022-ci il 4 may tarixli Qərarı ilə “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən koronavirusa dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur. 
Nazirlər Kabinetinin 2022-ci il 5 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nda dəyişiklik edilərək bundan sonra dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya verilməsi zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi tələb olunmayacaqdır. 
Bundan başqa, Nazirlər Kabinetinin 2022-ci il 6 may tarixli Qərarına əsasən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının adı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı ilə əvəz edilmişdir. Eyni zamanda Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2022-ci il 10 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının maddi və sosial təminatı ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmişdir. Dəyişikliyə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında və daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan orqanların əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayışsahəsindən istifadə haqqı üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyasının verilməsi zamanı işçinin ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 15 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti tələb olunur. Məlumat üçün qeyd edək ki, bu yaş həddi bundan əvvəl 16 yaş həddi olaraq müəyyən edilmişdir.
 Nazirlər Kabinetinin 2022-ci il 12 may tarixli Qərarı ilə “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının təmin edilməsi ilə əlaqədar Nümunəvi Formalar”ın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilmişdir. Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.
 

18-05-2022 18-05-32