Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında və 2-ci Türk Aqro Biznes Forumunda iştirak edən kənd təsərrüfatı nazirləri ilə görüşüb.
Baş nazir Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının və 2-ci Türk Aqro Biznes Forumunun əhəmiyyətini vurğuladı, bu tədbirlərin türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Bildirildi ki, türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər barədə məlumat verildi. Diqqətə çatdırıldı ki, bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunmuş, bütün digər sahələr kimi aqrar sektorun da inkişafı üçün əlverişli şərait yaranmışdır.
Azərbaycanda aqro-ərzaq sisteminin davamlı transformasiyasının təmin edilməsi istiqamətində yaşıl enerji, rəqəmsallaşma və innovativ həllərin tətbiqi barədə söhbət açıldı.
Ölkədə aqroparkların yaradılması prosesinin geniş vüsət aldığı bildirildi, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişaf potensialı barədə məlumat verildi.
Görüşdə Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi.